Konfranslar

Qubada “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfrans keçirilib
31 mart 2023, 22:18

Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfrans təşkil olunub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsman), Qərbi Azərbaycan İcmasının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.

Sonra Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub, soyqırımı qurbanlarının xatirəsi anılıb. Arxeoloq Qəhrəman Ağayev Quba soyqırımı məzarlığında aparılan ilkin araşdırmalar, həmin vaxt aşkarlanan dəhşətli faktlar barədə konfrans iştirakçılarını ətraflı məlumatlandırıb. Ziyarətçilər burada ermənilərin törətdikləri soyqırımı özündə əks etdirən sərgi ilə tanış olublar.

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan konfransdan əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə hazırlanan “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda sərginin açılışı keçirilib.

Tədbirdə soyqırımı qurbanlarının, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, habelə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva bildirib ki, ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət, ayrı-seçkiliyi aşılayan siyasət və tamamilə əsassız ərazi iddiaları dayanır. Bu prosesin həyata keçirilməsi 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub.

Beynəlxalq hüquqa əsasən, soyqırımı sülh və insanlıq əleyhinə yönəlmiş əməl olmaqla, ən ağır cinayət hesab edilir. Bu mənada ermənilər tərəfindən azərbaycanlılara qarşı kəskin milli, irqi, dini nifrət zəminində həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə günahsız insanın qəsdən və məqsədli şəkildə məhv edilməsi həmin bəşəri cinayətin məhz soyqırımı aktı olmasını təsdiqləyir.

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində göstərilir ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri soyqırımı aktıdır.

Buna görə də 1918-ci ildə on minlərlə dinc insanın kütləvi şəkildə etnik və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilməsi, bu cinayət əməlinin öncədən planlaşdırılmış və mərhələli şəkildə həyata keçirilməsi, o cümlədən bu kimi cinayət əməllərinin Azərbaycanın müxtəlif ərazilərində törədilməsi faktları məhz soyqırımı cinayəti kimi tövsif edilməlidir.

Ombudsman Səbinə Əliyeva bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın digər taleyüklü məsələləri ilə yanaşı, 31 Mart - azərbaycanlıların soyqırımı da ilk dəfə olaraq siyasi gündəmə gətirildi. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1998-ci il 26 mart tarixli Fərmana əsasən, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan olunub, bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi şəkildə bəyan edilib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev məruzəsində bildirib ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb. Əldə olunan maddi sübutlar və sənədlərlə 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirilib.

Qərbi Azərbaycan icmasının sədri Əziz Ələkbərli çıxış edərək diqqətə çatdırıb ki, artıq qarşıda təkcə sonuncu deportasiya zamanı qovulan insanların hüquqları yox, son 200 ildə tarixi torpaqlarımızdan qovulan soydaşlarımızın hüquqlarının müdafiəsi, bu hüquqları beynəlxalq müstəviyə çıxartmaq məsələsi durur.

“Qərbi Azərbaycan icması olaraq biz artıq ilk addımlarımızı atmaqdayıq. Prezidentimiz qarşımızda konkret vəzifələr qoyub. Bu vəzifələrin birincisi Qərbi Azərbaycana qayıdış konsepsiyasını hazırlamaq idi. Bu konsepsiya artıq hazırdır. İkinci əsas məsələ Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Çünki dünya ictimaiyyəti demək olar ki, Qərbi Azərbaycan həqiqətlərindən, ermənilərin həmin ərazidə 200 il ərzində xalqımıza qarşı törətdiyi faciələrdən tamamilə xəbərsizdir. Bu istiqamətdə ilk addımlar atılıb. Artıq iki sənədimiz BMT-nin rəsmi sənədi kimi dünyanın 190 dövləti arasında və BMT-nin beş rəsmi dilində yayılıb. Bu, tarixdə ilk idi. Azərbaycan tarixində son 200 ildə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilmiş cinayətlər beynəlxalq müstəvidə etiraf olunaraq, qəbul edilib”, - deyə Əziz Ələkbərli söyləyib.

İcma sədri qeyd edib ki, onların əlində ermənilərin törətdiyi cinayətlərlə bağlı kifayət qədər faktlar, rəsmi sənədlər var. SSRİ Prokurorluğunun İstintaq Komissiyasının möhürlü, imzalı sənədləri mövcuddur. Həmçinin Ermənistan Prokurorluğunun, Ermənistan Ali Məhkəməsinin, Ermənistanın ayrı-ayrı rayonlarının prokurorluqlarının, məhkəmə orqanlarının, daxili işlər orqanlarının sənədləri əldə edilib. Bu sənədlər Qərbi Azərbaycan icmasında toplanıb və istintaq komissiyasına təqdim olunacaq.

Milli Məclisin deputatı Vahid Əhmədov isə bildirib ki, ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası olduqca böyükdür. Azərbaycan xalqı son iki əsrdə erməni vandalizmi və terrorizminə məruz qalıb. İstər XIX, istərsə də XX yüzillikdə təcavüzkar erməni millətçiləri xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçirib, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar. 31 Mart soyqırımı da tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır.

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu rəhbərinin müavini Nimet Özkaya Sevim, Türkiyə Respublikası Nəcməddin Ərbakan Universitetinin dosenti Yusuf Sayın onlayn formatda çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev "Etnik təmizləmə və soyqırımı cinayətləri: beynəlxalq və dövlətdaxili hüquq kontekstində", Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Cəbi Bəhramov "Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı cinayətləri”, Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputati Hikmət Məmmədov "Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti", Türkiyə Respublikası Nəcməddin Ərbakan Universitetinin dosenti Yusuf Sayın "Soyqırımı cinayətlərinin beynəlxalq-hüquqi aspektləri", Qərbi Azərbaycan İcmasının şöbə müdiri Miraslan Bəkirli "Azərbaycanlıların deportasiyası soyqırımı siyasətidir", Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaş cəmiyyəti institutlarının rolu" mövzularında məruzələrlə çıxış ediblər.

Konfransın sonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Bəyanatı səsləndirilib. Bəyanatda xalqımıza qarşı törədilmiş etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymətin verilməsi və ədalətin bərpasına dəstək olmaq üçün beynəlxalq ictimaiyyətə çağırış edilib.