Xəbərlər

QURSALI KƏNDİNDƏN OLAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
14 noyabr 2026, 20:31

14 noyabr 2026-cı il tarixində Qərbi Azərbaycanın Hamamlı rayonunun Qursalı kəndindən olan və 2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərlə görüş keçirilib.

Qərbi Azərbaycan İcmasının inzibati binasında təşkil olunan görüşün əsas məqsədi ali məktəblərə qəbul imtahanlarında uğur qazanan gəncləri təbrik etmək, onların nailiyyətlərini qiymətləndirmək, eyni zamanda təhsil və gələcək fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparmaq olub.

Tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, İdarə Heyətinin üzvləri, Hamamlı rayon İcmasının nümayəndələri, Qursalı kəndindən olan ziyalılar, tələbələr və onların valideynləri iştirak ediblər.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli tələbələri və onların valideynlərini təbrik edərək gənclərin qazandıqları uğurların həm ailələri, həm də bütövlükdə İcma üçün qürur mənbəyi olduğunu bildirib. Qeyd edib ki, cari ildə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan Qərbi Azərbaycan əsilli gənclərin sayı 153 nəfərdir. Bu nəticələr Qərbi azərbaycanlıların elmə və təhsilə verdiyi önəmin, ziyalı ənənələrinin davamlılığının göstəricisidir.

Əziz Ələkbərli gənclərə bilik və dünyagörüşlərini daim artırmağı, milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə sadiq qalmağı tövsiyə edib. O, həmçinin ali təhsil müəssisələrində fəaliyyət göstərən Qərbi Azərbaycan araşdırmaları mərkəzlərinin imkanlarından yararlanmağın əhəmiyyətini vurğulayıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, İcmanın Nərimanov rayonu üzrə nümayəndəsi Təmraz Tağıyev ali təhsil mərhələsinin gənclər qarşısında yeni imkanlarla yanaşı, ciddi məsuliyyət də qoyduğunu bildirib. O, tələbəlik illərində mütaliənin, zəhmətin və müstəqil öyrənmənin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, millət vəkili Hikmət Babaoğlu Qursalı kəndindən olan gənclərin təhsil sahəsində qazandıqları nailiyyətləri yüksək qiymətləndirib. O, milli yaddaşın qorunmasının, doğma yurdların tarixi və mədəni irsinin öyrənilməsinin, bu biliklərin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib. Hikmət Babaoğlu gənclərin uğurlarının onların şəxsi əzmi ilə yanaşı, ölkəmizdə təhsilə və gənclərə göstərilən diqqətin nəticəsi olduğunu vurğulayıb.

Hamamlı rayon İcmasının sədri Nəbi Ramazanlı da tələbələri təbrik edərək öz tələbəlik illərindən bəhs edib. O, bu gün gənclər üçün yaradılan imkanlardan səmərəli istifadə etməyin vacibliyini diqqətə çatdırıb, tələbələrə qazandıqları bilik və təcrübəni gələcəkdə Qərbi Azərbaycana qayıdış prosesinə töhfə vermək istiqamətində səfərbər etməyi tövsiyə edib.

Daha sonra çıxış edən Qursalı kənd İcmasının sədri Nurəddin Alıyev, Tibb elmləri üzrə elmlər namizədi Nəriman Nağıyev, Qərbi Azərbaycan İcmasının əməkdaşı, Qursalı kənd sakini Fərhad Qəmbərov və gənclər Qursalı kəndinin təhsil və maarifçilik ənənələrindən söz açıblar. Kənd sakinlərinin tarixən elmə və təhsilə xüsusi önəm verdiklərini vurğulayan iştirakçılar gənclərin əldə etdikləri nəticələrin gələcək nəsillər üçün nümunə olduğunu bildiriblər.

Çıxışlarda savadlı, geniş dünyagörüşlü və milli kimliyinə bağlı gənclərin Qərbi Azərbaycana qayıdış ideyasının gerçəkləşməsində mühüm rol oynayacağı qeyd olunub. Bu baxımdan, onların peşəkar mütəxəssis kimi yetişməsi ilə yanaşı, tarixi yaddaşın qorunmasında da fəal iştirakının əhəmiyyəti vurğulanıb.

Görüşdə tələbələrin gələcək təhsil və fəaliyyət planları ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran məsələlər müzakirə edilib.

Tədbirin sonunda ali məktəblərə qəbul olunan Qursalı kəndinin gənclərinə hədiyyələr təqdim olunub, onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.