10 iyul 2025, 12:12
09 iyul 2025-ci il tarixdə Saatlı Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Saatlı Gənclər evi”ndə müəllifləri Əziz Ələkbərli və Səbuhi Hüseynov olan “Qərbi Azərbaycan İrsi” kitabının 1-ci cildinin təqdimat mərasimi keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, önünə gül dəstələri düzüldü, xatirəsi ehtiramla yad edildi.
Tədbir əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, rayonda məskunlaşmış Qərbi azərbaycanlılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə giriş sözü ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış etdi. O, Qərbi Azərbaycanın minilliklər boyunca Azərbaycan xalqının yaşayış məskəni, zəngin mədəniyyətimizin, elmimizin, ədəbiyyatımızın, memarlığımızın beşiyi olmuş müqəddəs yurd yeri olduğunu, bu torpaqların nəinki coğrafi anlamda həm də mənəvi baxımdan hər birimizin qəlbində əvəzsiz yer tutduğunu, indi isə bu irsin yazılı sənəd halında, bir kitab şəklində gələcək nəsillərə ötürüldüyünü bildirdi. Həmçinin Elmir Bağırov bu kitabın sadəcə bir nəşr deyil, bu tarixə yazılmış haqq səsi olduğunu, milli yaddaşımızı diri tutacağını, haqq işimizin ədalətli mahiyyətini sübuta yetirəcəyini qeyd edərək kitabın hazırlanmasında zəhməti və əziyyəti olan hər kəsə rayon ictimaiyyəti adından təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Əziz Ələkbərli bildirmişdir ki, hazırkı Ermənistan ərazisi yüzilliklər boyunca Qərbi azərbaycanlıların yaşayış yeri, doğma yurd-yuvaları olmuş, lakin XX əsrin müxtəlif dövrlərində Ermənistan hökumətinin həyata keçirdiyi məqsədyönlü etnik təmizləmə siyasəti nəticəsində Qərbi azərbaycalılar doğma yurdlarından zorla deportasiya edilmiş, bu proses zamanı on minlərlə insan öz ev-eşiyindən didərgin düşmüş, min illərlə formalaşan maddi və mənəvi irs-məscidlər, qəbiristanlıqlar, abidələr, məktəblər və məişət mədəniyyəti izləri sistematik şəkildə dağıdılmışdır. Əziz Ələkbərli müəllifi olduğu bu kitabın hazırlanması və nəşri ilə bağlı əsas mərhələlərin sistemli şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırmaqla bu kitabın gələcəkdə məktəblər və universitetlər üçün dərs vəsaitlərinin hazırlanmasında mənbə kimi istifadə olunacağını bildirdi.
Sonda çıxış edən Lütvəli Şıxəliyev vurğuladı ki, bu gün Qərbi azərbaycanlılar Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayırlar. Onların taleyi sadəcə bir xalqın deyil, həm də insan hüquqları və beynəlxalq ədalət məsələsidir.
Tədbirin sonunda “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası adlı video-material nümayiş olundu.
Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.









