Xəbərlər

Sabirabad rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib
16 iyul 2025, 16:20

Sabirabad Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov, Qərbi Azərbaycan İcması aparatının elmi işçisi, kitabın həmmüəlifi Səbuhi Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayonda məskunlaşmış qərbi azərbaycanlılar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak ediblər.

Çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov Qərbi Azərbaycanın minilliklər boyunca xalqımızın yaşayış məskəni olduğunu bildirib. Bu torpaqların nəinki coğrafi anlamda, həm də mənəvi baxımdan hər birimizin qəlbində əvəzsiz yer tutduğu vurğulanıb. O, Qərbi Azərbaycan irsinə həsr olunan kitabın hazırlanmasında iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması aparatının elmi işçisi, kitabın həmmüəlifi Səbuhi Hüseynov bildirib ki, Ermənistan hakimiyyəti uzun illər boyunca azərbaycanlıların tarixini, mədəni kimliyini, dini irsini hədəf alan sistemli şəkildə etnik təmizləmə və vandalizm siyasəti həyata keçirib. Ermənistanda yaşayan azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq, məscid, ziyarətgah və türbə ya tamamilə dağıdılıb, ya da izləri silinərək məqsədli şəkildə yox edilib.

Qərbi Azərbaycan İcmasının Sabirabad rayon İcmasının nümayəndəsi Musa Ramazanov vurğulayıb ki, Azərbaycan Respublikasının müxtəlif bölgələrində məskunlaşan Qərbi azərbaycanlılar haqlarının tanınmasını və tarixi yurdlarına qayıdışının təmin olunmasını istəyirlər. Bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir.

Tədbirin sonunda “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub. Videoçarxda Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscid və digər dini-mədəni obyektlərin məhv edilməsi faktları əyani şəkildə təqdim edilib.