Xəbərlər

Şabran rayonunda “Qərbi Azərbaycan İrsi" kitabının I cildinin təqdimat mərasimi keçirilib
18 iyul 2025, 15:24

Şabran rayonunda “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, yerli idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, onun əziz xatirəsini ehtiramla yad olunub.

Öz işinə Heydər Əliyev Mərkəzində davam edən tədbiri giriş sözü ilə açan Asif Hüseynov öz nitqində bildirmişdir ki, təqdim olunan kitab yalnız tarixi faktların toplusu deyil, həm də illərlə gizlədilən, təhrif edilən həqiqətlərin – Qərbi Azərbaycanda azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və mədəni soyqırımın elmi və hüquqi əsaslarla dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Asif Hüseynov həmçinin qeyd edib ki, Ermənistanda azərbaycanlıların mədəni-mənəvi irsi – qəbiristanlıqlar, məscidlər, türbələr, pirlər, arxeoloji abidələr və digər tarixi məkanlar məqsədyönlü şəkildə məhv edilib. Bu, təkcə Azərbaycan xalqına deyil, ümumbəşəri dəyərlərə qarşı törədilmiş mədəni vandalizm aktıdır.

Bildirilib ki, təqdim olunan bu nəşr həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərin həqiqətlərə əsaslanan maarifləndirilməsi və hüquqi mübarizədə əsaslı arqumentlərə malik olması baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” konsepsiyası Qərbi Azərbaycana qayıdış ideyasını artıq yalnız tarixi yaddaş deyil, real siyasi hədəf səviyyəsinə yüksəltmişdir. Cənab Prezidentin bu məsələyə beynəlxalq tribunalarda xüsusi diqqət ayırması, beynəlxalq hüquq çərçivəsində atdığı məqsədyönlü addımlar soydaşlarımızın doğma yurdlarına qayıdacağına olan inamı daha da möhkəmləndirir.

Daha sonra çıxış edən Əziz Ələkbərli öz nitqində bildirib ki, Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, onların fundamental hüquqlarının bərpa olunması Azərbaycanın əsas prioritetlərindəndir. O vurğulayıb ki, Ermənistanda azərbaycanlılara qarşı yalnız etnik təmizləmə deyil, həm də mədəni irsin tamamilə silinməsinə yönəlmiş vandalizm siyasəti həyata keçirilib.

Təqdim edilən kitabın Azərbaycan, rus və ingilis dillərində nəşr olunduğunu və tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, ötən əsrə və müasir dövrə aid ABŞ kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edildiyini qeyd etdi. O, həmçinin vurğuladı ki, kitab Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli mənbə hesab edilə bilər.

Tədbirin sonunda kitabın təqdimatı çərçivəsində qısa filmə baxış keçirilmişdir.

Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.