19 iyul 2025, 19:27
18.07.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcması və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar kitabının I cildinin təqdimat mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, “Qərbi Azərbaycan İrsi” kitabının həmmüəllifi Əziz Ələkbərli, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Arzuxan Əlizadə, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon İcmasının sədri, Bakı Dövlət Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Zahid Cəfərov, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Qərbi Azərbaycan İcmasının Sabunçu rayon təşkilatının üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələri, QHT-lərin Sabunçu rayon təşkilatları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Daha sonra qonaqlar Qərbi Azərbaycana həsr olunmuş fotosərgi və “Qərbi Azərbaycan Təravəti” adlı Azərbaycan brendinin istehsal etdiyi məhsullarla tanış oldular.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Qərbi Azərbaycan irsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunduqdan sonra tədbiri giriş nitqi ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qeyd etdi ki, 1988-1989-cu illərdə Ermənistandan yüz minlərlə azərbaycanlı deportasiya edilib. Erməni vəhşiliyinin nümunələri təkcə soydaşlarımızın deportasiyasında özünü göstərmir. Yürüdülən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın etnik mənsubiyyətinə xas olan yaşayış məntəqələrinin, coğrafi məkanların adları saxta erməni toponimləri ilə dəyişdirilmişdir. Lakin Ümummilli Lider Heydər Əliyevin azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına ilk hüquqi-siyasi qiymət verdiyini vurğulayan A.Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bugün Qərbi Azərbaycanla bağlı həqiqətlərin araşdırılması və dünya ictimaiyyətinə çatdırılmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar adlı kitabın tarixi yaddaşın qorunmasında mühüm rol oynadığını diqqətə çatdırdı.
Milli Məclisin deputatı, “Qərbi Azərbaycan” İcmasının sədri və “Qərbi Azərbaycan İrsi” kitabının həmmüəllifi Əziz Ələkbərli çıxış edərək bildirdi ki, sözügedən nəşr elmi, tarixi və ideoloji baxımdan əhəmiyyətlidir. Kitabda toplanmış etnoqrafik, toponimik və demoqrafik məlumatlar dəqiq və sənədlərlə əsaslandırılıb. Ə.Ələkbərli kitabda əks olunan faktların azərbaycanlıların yaddaşına, mənəviyyatına və tarixinə vurulan zərbələri əks etdirdiyini vurğulayaraq ermənilər tərəfindən dağıdılmış məscidlərin, məktəblərin, qəbiristanlıqların və digər maddi-mədəni irs nümunələrinin sənədləşdirilməsinin gələcək nəsillərə ötürülən dəyərli məlumatlar olduğunu qeyd etdi. Eyni zamanda bu kitab beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalı olan bir prosesin sənədləşdirilmiş sübutudur, tarixi ədalətin bərpasıdır.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon İcmasının sədri, Bakı Dövlət Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Zahid Cəfərov və Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev bildirdilər ki, “Qərbi Azərbaycan İrsi” kitabının nəşri və kitabda ortaya qoyulan ciddi araşdırmalar bir daha sübut edir ki, indiki Ermənistan ərazilərinin tarixi sakinləri azərbaycanlılardır. Qərbi Azərbaycana qayıdış-tarixi ədalətin, milli kimliyin və ideoloji qürurun bərpasıdır. Vurğulandı ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət sayəsində Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdacağı gün artıq uzaqda deyil.
Tədbirin sonunda “İnci” rəqs qrupunun ifasında “Zəngəzur yallısı” rəqsi nümayiş etdirildi.

















