Saray qəsəbəsi Asim Müzəffərov adına 2 saylı tam orta məktəbdə Qayıdış Konsepsiyası çərçivəsində Qərbi Azərbaycan həqiqətlərinin, ədəbi-mədəni-tarixi irsinin təbliğ olunması məqsədilə “Mən o eldənəm” adlı görüş təşkil olundu.
Görüşdə şəhid ailələri, Qərbi Azərbaycan İcmasının ziyalıları, və rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak etdi.
Dövlət himninin səsləndirilməsinin ardınca, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirdi ki, bu gün tariximizi unutmamaqla hər bir Qərbi Azərbaycanlı geri qayıtmağa böyük ümidlər bəsləyir. Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli son iki əsr ərzində Qərbi Azərbaycan adlanan tarixi torpaqlarımızda ermənilərin soydaşlarımıza qarşı apardığı deportasiya, soyqırımı, etnik təmizləmə siyasətindən danışıb.
Tədbirdə çıxış edən QAİ QŞ-nın sədri, millət vəkili Məlahət İbrahimqızı, Azərbaycan Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Şöhrət ordenli, əməkdar jurnalist Flora Xəlilzadə, QAİ Ağsaqqallar Şurasının sədr müavini Vaqif Şadlinski, QAİ QŞ-nın sədr müavini, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Qərbi Azərbaycanla bağlı xatirələrini bölüşdülər.
Daha sonra məktəb məzunu olmuş, əslən qərbi azərbaycanlı şəhid Rauf İbadovun atası Məhərrəm İbadov da deportasiya prosessi bağlı acı xatirələrini paylaşdı.
Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii proqramın təqdimatı ilə davam etdi. Qərbi Azərbaycanın tanınmış sənətkarı, prezident təqaüdçüsü Səmayə İsmayılova Qərbi Azərbaycana həsr edilən sevilən nəğmələri ilə tədbirə xoş əhval ruhiyyə qatdı.
Sonda məktəbin direktoru Səkinə Abbasova və pedaqoq Könül Ələkbərovan QAİ İH-nin sədri Əziz Ələkbərli tərəfindən təşəkkürnamə ilə təltif edildi.