21 iyul 2025, 13:55
Səbail Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Zaur Məmmədov, Səbail Rayon MKS-nin direktoru Nərmin Xəlilova, Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Qərbi Azərbaycan İcması Aparatının əməkdaşı Akif Əhmədov və ziyalılar iştirak ediblər.
Tədbir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Təqdimat çərçivəsində Qərbi Azərbaycan həqiqətlərini əks etdirən video çarx nümayiş etdirilib. Video materialda tarixən Azərbaycan xalqına məxsus olmuş bu torpaqlarda baş vermiş hadisələr, oradakı mədəni irs nümunələri və məcburi köçkünlərin yaddaşında yaşayan reallıqlar təqdim edilmişdir.
Tədbirdə çıxış edənlər “Qərbi Azərbaycan İrsi” kitabının milli yaddaşın qorunması, tariximizin gələcək nəsillərə çatdırılması və Qərbi Azərbaycanla bağlı həqiqətlərin elmi əsaslarla sənədləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, nəşr Qərbi Azərbaycanın tarixi, toponimiyası, mədəniyyət nümunələri və ictimai-siyasi prosesləri barədə geniş məlumatlar təqdim edir. Bildirilib ki, bu cür fundamental əsərlər Azərbaycan xalqının milli kimliyinin və tarixi köklərinin qorunması işində mühüm rol oynayır.
Tədbirin sonunda iştirakçılara kitabın birinci cildi təqdim olunub, növbəti cildlər barədə məlumat verilib və xatirə şəkilləri çəkilib.



















