Konfranslar

Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
24 oktyabr 2025, 20:45

2025-ci il oktyabrın 24-də Bakı Dövlət Universitetində professor, görkəmli alim və ictimai-siyasi xadim Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş “Səfyar Musayevin ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti” adlı Respublika elmi konfransı keçirilib. Tədbir Bakı Dövlət Universitetinin, Yeni Azərbaycan Partiyasının və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev Səfyar Musayevin şərəfli ömür yolundan, elmi-pedaqoji və ictimai fəaliyyətindən bəhs edərək qeyd edib ki, o, Azərbaycan tarix elminin inkişafında mühüm xidmətlər göstərmiş, yüzlərlə tələbənin, onlarla dissertantın yetişməsinə töhfə vermişdir.

Səfyar Bəylər oğlu Musayev 1935-ci il iyulun 17-də Göyçə mahalının Nərimanlı kəndində anadan olub. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1958-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirərək Basarkeçər rayonunda müəllim kimi əmək fəaliyyətinə başlayıb.

Səfiyar Musayev 1966-cı ildən Azərbaycan Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb, 1986-cı ildən ömrünün sonunadək Siyasi tarix kafedrasına rəhbərlik edib.

400-dən artıq elmi məqalə və bir sıra dərslik, monoqrafiyaların müəllifi olan Səfyar Musayev Azərbaycan tarix elminin inkişafına və elmi kadrların hazırlanmasına əvəzsiz töhfələr verib.

Respublikanın ictimai-siyasi həyatında da fəal mövqe tutan Səfyar Musayev Yeni Azərbaycan Partiyasının yaradılmasında və təşəkkülündə iştirak edib, 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinin deputatı seçilib. O, insan hüquqlarının qorunması, hüquqi dövlətin formalaşması və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm fəaliyyət göstərib.

Professor Səfyar Musayev 1999-cu il yanvarın 6-da vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Onun elmi və ictimai xidmətləri Ümummilli Lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Ulu Öndər Bakı Dövlət Universitetində keçirilən vida mərasimində Səfyar Musayevin Azərbaycan elminə və dövlətçiliyinə verdiyi xidmətləri xüsusi vurğulamışdı.

Konfransda çıxış edən YAP Ağsaqqallar Şurasının sədri Arif Rəhimzadə, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Milli Məclisin deputatları Sadiq Qurbanov, Tamam Cəfərova, Arzuxan Əlizadə, BDU Tarix fakültəsinin dekanı İbrahim Zeynalov və professor Azad Rzayev görkəmli alimin elmi irsindən, vətəndaş mövqeyindən və Ulu Öndərin ideyalarına sədaqətindən danışıblar.

Sonda Səfyar Musayevin oğlu İlqar Musayev ailə adından konfransın təşkilatçılarına minnətdarlığını bildirib.

Elmi konfrans maraqlı müzakirələrlə yadda qalıb.