Görüşlər

Şəhid ailələri ilə görüş keçirilib
29 aprel 2026, 20:05

Saatlı rayonunda keçirilən tədbirlər çərçivəsində rayon rəhbərliyi və Qərbi Azərbaycan İcmasının nümayəndə heyəti şəhid ailələri ilə görüş keçirib.

Görüşdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, sədrin müavini, Milli Məclisin deputatı Hikmət Məmmədov, Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, Şuranın sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı, İcmanın Ağsaqqallar Şurasının üzvü, professor Paşa Qəlbinur iştirak ediblər.

Çıxış edən Elmir Bağırov şəhid ailələrinin dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayaraq, onların sosial rifahının yaxşılaşdırılmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib.

Millət vəkilləri Əziz Ələkbərli və Məlahət İbrahimqızı çıxışlarında şəhidlərin xatirəsinin hər zaman uca tutulduğunu bildirərək, onların ailələrinin yanında olmağın hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıblar. Millət vəkili, professor Hikmət Məmmədov isə şəhid ailələrinin göstərdiyi səbr və fədakarlığın cəmiyyət üçün nümunə olduğunu qeyd edib.

Görüşün sonunda şəhid ailələrinə sovqatlar təqdim olunub və onlarla səmimi söhbətlər aparılıb.