10 iyul 2025, 09:42
Şəmkirdə Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan İrsi ” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Şəmkir RİH başçısı Rəşad Tağıyev, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Qərbi Azərbaycan İcmasında Gənclər Şurasında İdarə heyətinin üzvü Bayram Aslanov, rayonda məskunlaşmış Qərbi azərbaycanlılar və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Qərbi Azərbaycan tarixinə, mədəniyyətinə, Qərbi azərbaycanlıların məruz qaldığı tarixi ədalətsizliyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edən Şəmkir RİH başçısı Rəşad Tağıyev Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı ermənilər tərəfindən yalnız etnik təmizləmə siyasəti həyata keçirilmədiyini, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irs nümunələrinin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədildiyini bildirib.
İcra başçısı qeyd edib ki, Ermənistan tərəfindən zaman-zaman Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı həyata keçirilən cinayətlər və deportasiyalar nəticəsində yüz minlərlə insan öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb, onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.
Rəşad Tağıyev qeyd edib ki, bu gün dövlət başçımızın həyata keçirdiyi prioritet məsələlərdən olan Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz şəkildə öz doğma torpaqlarına geriyə qayıtmalarıdır.
Tədbirdə çıxış edən digər natiqlər müasir elmi yanaşmalar və yeni fundamental araşdırmalar əsasında çap olunmuş “Qərbi Azərbaycan irsi” kitabının I cildinin nəşr olunmasının əhəmiyyətindən söhbət açaraq, kitabda qeyd olunan təkzibedilməz faktların tarixi əhəmiyyətli elmi tədqiqat materialı və hüquqi baxımdan ciddi bir sənəd olmasını vurğulayıblar.













