Qərbi Azərbaycan İcması senator Ben Kardinin azərbaycanofob fəaliyyətini kəskin şəkildə pisləyir. Qondarma “amerikan müstəsnalığı”nın əsiri olan Ben Kardinə görəsən kim “beynəlxalq ictimaiyyət” adından danışmaq səlahiyyəti verib!
“Beynəlxalq ictimaiyyət” təkcə ABŞ senatından ibarət deyil. Beynəlxalq ictimaiyyət dünyada BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına 4 il rəhbərlik edən Azərbaycana 120 ölkənin etimadıdır. Beynəlxalq ictimaiyyət dünyada ən böyük tədbir hesab olunan COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar verən dünya ölkələridir.
Səlibçi düşüncəli Ben Kardin insan hüquqları ilə bağlı çox narahatdırsa, onda qoy elə ABŞ-ın özündə yerli amerikanların hüquqlarının təmin olunması ilə məşğul olsun, polis vəhşiliyinə, silahlı zorakılığa qarşı səsini qaldırsın.