
Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Bakı Dövlət Universiteti, “ASAN Könüllüləri” Təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilən “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsi iyunun 29-da başa çatıb.
Düşərgənin son günündə “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Fuad Adgözəlov tərəfindən NASA intellektual oyunu keçirilib. Komandada qərarvermə və problem həll etmə qabiliyyətlərini gücləndirmək üçün effektiv təlim vasitəsi olan “NASA Case” oyununda iştirakçılar, həmçinin, ünsiyyət, əməkdaşlıq və liderlik bacarıqlarını inkişaf etdirirlər.
Daha sonra iştirakçılar üçün Quba Soyqırım Memorial Kompleksinə ekskursiya təşkil olunub. İştirakçılar burada 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən Qubada və ətraf ərazilərdə törədilmiş soyqırım hadisələri, kütləvi məzarlıqlar və memorial kompleksdə sərgilənən tarixi eksponatlar haqqında məlumatlandırılıblar.