Ötən gün Qərbi Azərbaycan İcması tərəfindən Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzulu beynəlxalq konfransın qonaqlarından bir neçəsi ayrı -ayrılıqda İcma sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsənlə görüşüblər.
Əvvəlcə Türkiyənin Ankara Universitetinin professoru Yıldız Bozkuş ilə bir araya gələn Ramil Həsən qardaş ölkənin nümayəndəsinə göstərilən mənəvi dəstək üçün təşəkkür edib. Bildirib ki, soydaşlarımızın ötən əsr boyunca dörd dəfə deportasiya edilməsi regionun da taleyinə ağır zərbə vurub. Yıldız Bozkuş Qərbi Azərbaycanlıların başlarına gətirilənlərin onu dərindən təəsüfləndirdiyini, sürgünlər nəticəsində ağrı -acılar yaşamış insanların yanında olduğunu deyib.
Lüksemburqda fəaliyyət göstərən “Agefi” media qurumunun rəhbəri Adelin Daniel Remi ilə də görüşündə Ramil Həsən qonağa 1987-91-ci illər deportasiyası zamanı özünün də həmin şəxslərin arasında olduğunu, yüz minlərlə Qərbi Azərbaycanlı kimi vətəndən qoparıldığını diqqətə çatdırıb. Lüksemburqlu qonaq dünya mediasının sözügedən müsibətləri diqqətdən kənarda qoymamalı olduğunu vurğulayıb.
Macarıstanın Dövlət İdarəetməsi Universitetinin müəllimi Zoltan Eqresi də İcma sədrinin müavini ilə görüşü zamanı onun söylədiklərindən çox təsirləndiyini, insan hüquqları ilə bağlı məsələlərdə beynəlxalq ictimaiyyət tərəfindən ayrı-seçkiliyin yolverilməz olduğunu deyib.