03 iyun 2026, 22:06
Konfrans çərçivəsində keçirilən üçüncü panel sessiya “Tarixi yaddaş və milli kimlik” mövzusuna həsr olunub. Panelin moderatoru Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc olub.
Sessiyada BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov, AMEA-nın Folklor İnstitutunun direktoru Hikmət Quliyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin böyük elmi işçisi Nazim Mustafa və BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa İsmayılov məruzələrlə çıxış ediblər.
Paneli açan Zahid Oruc tarixi yaddaşın qorunmasının və gələcək nəsillərə ötürülməsinin milli kimliyin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Qərbi Azərbaycan irsinin, tarixi-mədəni abidələrinin, toponimlərinin və zəngin mənəvi dəyərlərinin araşdırılması, təbliği və beynəlxalq ictimaiyyətə çatdırılması milli yaddaşın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Panel çərçivəsində çıxış edən məruzəçilər Qərbi Azərbaycanın tarixi irsinin qorunması, deportasiya və etnik təmizləmə siyasətinin tarixi aspektləri, milli kimliyin formalaşmasında folklorun və mədəni irsin rolu, eləcə də tarixi həqiqətlərin elmi əsaslarla araşdırılması məsələlərini müzakirə ediblər. Müzakirələr zamanı tarixi yaddaşın yaşadılmasının Qərbi Azərbaycana qayıdış ideyasının mənəvi-siyasi əsaslarından biri olduğu qeyd olunub.









