Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış edən QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ulu Öndər Heydər Əliyevin hər zaman Qərbi azərbaycanlıları diqqətdə saxladığını bildirib. Qərbi Azərbaycan anlayışını Ümummilli Liderin gündəmə gətirdiyini vurğulayan İcma sədri Ulu Öndərin bu istiqamətdə gördüyü işlərdən bəhs edib. Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması istiqamətində qarşıya qoyduğu yol xəritəsi barədə fikirlərini bölüşən Əziz Ələkbərli onun əhəmiyyətindən danışıb.
“Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının ideya müəllifi Vaqif Şadlinski bildirib ki, nəşrdə Qərbi Azərbaycandan olan vaxtilə müəyyən vəzifələrdə çalışmış ziyalıların, ictimai-siyasi, mədəni xadimlərin Ulu Öndər Heydər Əliyev haqqında fikirləri və xatirələri cəmləşib: “Düşündük ki, 60-a yaxın şəxsin fikirlərinin bu kitabda toplanması və ictimaiyyətə təqdim olunması vacib məsələdir".
V.Şadlinski bildirib ki, bu kitab Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətini dəstəkləməklə yanaşı, Prezident İlham Əliyevin də ətrafında yumruq kimi birləşmiş və bunu özlərinin vicdan borcu, milli təəssübkeşliyi hesab edən Qərbi azərbaycanlıların fikirlərindən ibarətdir.
Kitabın müəllifi vurğulayıb ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasına bu binanı bağışlamaqla, doğma yurdlarından didərgin düşmüş soydaşlarımıza bir daha həmin torpaqlara qayıtmaq ümidi verib.
Sonda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycana aid fikirlərinin yer aldığı videoçarx nümayiş olunub.