
8 May 2025-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə elmi-praktiki konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən torpaqları uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcmanın Ziyalılar Şurasının sədr müavini, Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik, əməkdar elm xadimi Nizami Cəfərov “Heydər Əliyev və Türk dünyası” mövzusunda çıxış edərək, Ulu Öndərin türk dünyasının birliyi və inteqrasiyası yolunda atdığı mühüm addımları, onun geniş geosiyasi baxışlarını iştirakçıların diqqətinə çatdırıb.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı, professor Hikmət Baboğlu “Heydər Əliyevin siyasi irsinə yeni tarixi reallıqdan analitik baxış” mövzusunda çıxışında bildirib ki, müasir dövrün reallıqları fonunda Heydər Əliyev siyasəti Azərbaycan dövlətçiliyinin ideoloji və strateji dayağı kimi çıxış edir və bu gün də aktuallığını qoruyub saxlayır.
İcmanın Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, ADPU-nun kafedra müdiri, əməkdar elm xadimi Fərrux Rüstəmov “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda çıxışında qeyd edib ki, müstəqil Azərbaycanın təhsil sisteminin əsasları Ulu Öndərin rəhbərliyi ilə formalaşdırılıb, müəllim nüfuzunun artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi daim diqqətdə saxlanılıb.
İcmanın İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor İbrahim Bayramov “Heydər Əliyev və Qərbi Azərbaycanlıların deportasiyasına hüquqi-siyasi qiymətin verilməsi” mövzusunda çıxışında bildirib ki, Heydər Əliyev deportasiya siyasətinə qarşı qətiyyətli mövqe sərgiləyib və bu məsələyə hüquqi-siyasi qiymətin verilməsini təmin edib.
QAİ Ağsaqqallar Şurasının üzvü, professor Həsən Bayramov “Heydər Əliyev və Qərbi Azərbaycanşünaslığın elmi istiqamət kimi formalaşması” mövzusunda çıxış edərək vurğulayıb ki, məhz Ulu Öndərin təşəbbüsü ilə Qərbi Azərbaycanla bağlı tarixi yaddaşın toplanması və sistemli elmi istiqamət kimi inkişafı təmin edilib.
Sonda çıxış edən Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov qeyd edib ki, Heydər Əliyev yalnız siyasi lider deyil, həm də milli kimliyin və tarixi yaddaşın qoruyucusudur. Onun ideoloji irsi Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində möhkəm əsas yaradıb. Bu irsi dərindən öyrənmək və yaşatmaq hər bir ziyalının mənəvi borcudur.