Xəbərlər

UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri iştirak edib
12 dekabr 2024, 09:58

2024-cü ilin 9-11 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumu keçirilmişdir. Forumda Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı iştirak etmişdir.

Məlahət İbrahimqızı “Qadın Liderliyi: Gender əsaslı dayanıqlı cəmiyyətlər naminə” adlı sessiyada “Dayanıqlı və tolerant cəmiyyətlər naminə qaçqın qadınların səlahiyyətləndirilməsi” mövzusunda çıxış etmişdir. Millət vəkili çıxışında ilk öncə qadın hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda həyata keçirilən dövlət siyasəti, mövcud hüquqi çərçivə, qadınların sosial-iqtisadi layihələrdə iştirakı, qadın sahibkarlığının inkişaf etdirilməsi barədə məlumat vermişdir.

Məlahət İbrahimqızı sessiya iştirakçılarına 1987-91-ci illərdə Ermənistandan öz tarixi yurdlarından deportasiya edilmiş üç yüz min soydaşımıza, eləcə də qaçqın qadınlarımıza beynəlxalq təşkilatlar tərəfindən bu günə qədər laqeyd münasibət göstərildiyini qeyd etmişdir.

Millət vəkili Qərbi azərbaycanlıların sülh yolu ilə, ləyaqətli şəkildə qayıdışının vacibliyini vurğulayaraq qaçqın qadınların reinteqrasiya hüququ haqqında maarifləndirilməsinin, xüsusilə Qərbi Azərbaycan İcmasının Qayıdış konsepsiyasının həyata keçirilməsində UNESCO kimi beynəlxalq təşkilatların dəstəyinə və əməkdaşlığına böyük ehtiyacın olduğunu bildirmişdir.

İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Forum çərçivəsində millət vəkili Məlahət İbrahimqızı UNESCO-nun yüksək vəzifəli rəsmiləri də daxil olmaqla, bir sıra ikitərəfli görüşlər keçirmiş və onlara Qərbi Azərbaycan İcmasının yeddi dildə hazırlanmış Qayıdış Konsepsiyasını təqdim etmişdir.