Görüşlər

Vedi rayonunun Qaralar kəndindən olan soydaşlarla görüş keçirilib
05 oktyabr 2025, 18:18

5 oktyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyində Vedi rayonunun Qaralar kəndindən olan soydaşlarla görüş keçirilib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. O, bildirib ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyətinin əsasında yaradılaraq 2022-ci il 3 avqust tarixində Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkilatlanıb. Ə.Ələkbərli İcmanın təşkilati strukturu, fəaliyyəti və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. O, həmçinin “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”ndan irəli gələn hədəflərə, bu istiqamətdə görüləcək vacib işlərə və Azərbaycan Respublikası Prezidentinin İcmanın qarşısında müəyyənləşdirdiyi vəzifələrin icrasının məsuliyyətinə diqqət çəkib.

Daha sonra Qaralar kəndinin ağsaqqalı Musa Abbasov çıxış edərək Vedi rayonunun tarixi, görkəmli şəxsiyyətləri və kənd əhalisinin yaşadığı çətinliklər barədə danışıb. Qaralar kəndinin ziyalısı Vaqif Ələkbərov kəndin milli-mənəvi irsinin qorunması və gənc nəslə ötürülməsinin əhəmiyyətini vurğulayıb. “Vedibasar” qəzetinin təsisçisi və baş redaktoru Sərtib İslamoğlu Qərbi Azərbaycan həqiqətlərinin mediada daha geniş işıqlandırılmasının vacibliyini qeyd edib. Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov isə rayon üzrə həyata keçirilən maarifləndirici tədbirlər və icma üzvlərinin təşkilatlanması barədə məlumat verib.

Qərbi Azərbaycan İcmasının şöbə müdiri Faiq Kərimov, Qaralar kənd icmasının sədri Elbəyi Abbasov çıxışlarında kənd icmasının təşkilatlanması və icma xətti ilə görülən işlər barədə ətraflı məlumat verdilər.

Görüş çərçivəsində Qaralar kənd icmasının üzvlərinə üzvlük vəsiqələri və döş nişanları təqdim olundu.

Tədbir iştirakçılarla xatirə şəkli çəkilməsi ilə yekunlaşıb.