Xəbərlər

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27 dekabr 2025, 17:53

Bakıda, Nizami Kino Mərkəzində “Vedibasar mahalı” adlı sənədli filmin rəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri, Qərbi Azərbaycandan deportasiya olunmuş ailələrin üzvləri, eləcə də Vedi icmasının əhalisi iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, “Vedibasar mahalı” filmi Qərbi Azərbaycan həqiqətlərinin sənədli əsaslarla təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, Vedibasar mahalı da daxil olmaqla Qərbi Azərbaycanın bütün bölgələrində azərbaycanlı əhali sistemli şəkildə deportasiyaya və etnik təmizləməyə məruz qalıb. Əziz Ələkbərli qeyd edib ki, bu kimi filmlər tarixi faktların saxtalaşdırılmasının qarşısının alınması və beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından mühüm vasitədir.

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, professor Vaqif Şadlinski Vedibasar mahalının tarixən azərbaycanlılara məxsus qədim yaşayış məkanı olduğunu diqqətə çatdırıb. O bildirib ki, 1948–1953-cü illər deportasiyası zamanı Vedibasar mahalında yaşayan azərbaycanlı əhali ağır zorakılıqlara məruz qalıb, kəndlər yandırılıb, insanlar qətlə yetirilib və doğma torpaqlardan zorla çıxarılıb. Deportasiyanın ağır fəsadlarını yaşayan ailələrdən biri də məhz Şadlınskilər ailəsi olub. Professor Vaqif Şadlinski vurğulayıb ki, həmin deportasiyalar təkcə fiziki deyil, həm də mənəvi soyqırımı xarakteri daşıyıb, yüz illərlə formalaşmış mədəniyyət, toponimlər və tarixi yaddaş məqsədli şəkildə məhv edilib. O, bu cür filmlərin ərsəyə gətirilməsi zamanı Qərbi Azərbaycan və deportasiya tarixinin dərindən öyrənilməsini, həmçinin bu sahənin mütəxəssisləri ilə mütəmadi məsləhətləşmələrin aparılmasını tövsiyə edib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor İbrahim Bayramov da filmin əhəmiyyətindən bəhs edərək qeyd edib ki, Vedibasar mahalında baş verənlər bütövlükdə Qərbi Azərbaycanda həyata keçirilmiş etnik təmizləmə siyasətinin tərkib hissəsidir. O vurğulayıb ki, bu faktların elmi və sənədli şəkildə ictimaiyyətə çatdırılması gələcək nəsillər üçün mühüm tarixi mənbə rolunu oynayır.

Təqdimat mərasimində filmin rejissoru Arif Niftiyev çıxış edərək ekran işinin ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı heyətə və layihəyə dəstək göstərən qurumlara təşəkkürünü bildirib. Rejissor qeyd edib ki, filmin əsas məqsədi Qərbi Azərbaycanın Vedibasar mahalında baş vermiş deportasiya və zorakılıq faktlarını sənədli əsaslarla gələcək nəsillərə çatdırmaqdır.

Filmin prodüseri Ramil Baba isə bildirib ki, “Vedibasar mahalı” təkcə sənədli film deyil, eyni zamanda Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyaya təqdim olunmasına xidmət edən ictimai əhəmiyyətli layihədir. Onun sözlərinə görə, film real şahid ifadələri əsasında hazırlanıb və deportasiya dövrünün ağrılı reallıqlarını əks etdirir.

Filmin ssenari müəllifi Tural Əliyev çıxışında vurğulayıb ki, layihə üzərində işləyərkən yaradıcı heyət canlı tarixlə üz-üzə qalıb. O bildirib ki, filmdə yer alan 1948-ci il deportasiyasını yaşamış insanların xatirələri Azərbaycan tarixinin unudulmamalı canlı şahidlik nümunələridir. Tural Əliyev layihənin əsas məqsədinin milli tarixi yaddaşı qorumaq və gələcək nəsillərə ötürmək olduğunu qeyd edib.

Qeyd edək ki, “Vedibasar mahalı” filmi Qərbi Azərbaycan mövzusunda planlaşdırılan silsilə sənədli layihələrin başlanğıcıdır. Gələcəkdə İrəvan, Zəngibasar, Göyçə və digər tarixi Azərbaycan torpaqları haqqında da analoji filmlərin çəkilməsi nəzərdə tutulur.

Filmin yaradıcı heyətinə prodüser Ramil Baba, rejissor Arif Niftiyev, ssenari müəllifi Tural Əliyev, operator Soltan Abdullayev, montaj üzrə Ülvi Babayev və redaktor Rəşad Davud daxildir.