2024-cü ilin mart ayında Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqı Qərbi Azərbaycanın tarix və mədəniyyətinə müraciət edərək mədəni irs və tarixi abidələrin dağıdılmasına diqqət çəkmək, onları təsviri sənət əsərlərində yaşatmaq məqsədilə “Vətənim Qərbi Azərbaycan” mövzusunda müsabiqə elan etmişdir. Təsviri incəsənətin rəngkarlıq və qrafika növlərində keçirilmiş müsabiqə sentyabr ayının 10-da başa çatmışdır.
Müsabiqənin eyniadlı yekun sərgisi 2024-cü il oktyabr ayının 11-də, saat 19:00-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi salonunda keçiriləcəkdir.
“Vətənim Qərbi Azərbaycan” müsabiqəsi çərçivəsində İrəvan xanlarının portretləri, bədii obrazları yaradılıb, Qərbi Azərbaycanın rəmzlərinə çevrilmiş tarix və memarlıq abidələri, ziyarətgahlar, tikililər, o cümlədən bölgənin təbiət mənzərələri, təsvir müstəvisində yenidən canlandırılıb.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının əsas məramlarından biri indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı təmin etməklə yanaşı, burada Qərbi azərbaycanlılara məxsus mədəni irsin hazırki vəziyyətinin dəyərləndirilməsinə, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş abidələrimizin siyahısının hazırlanmasına, Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsinə nail olmaqdır.