21 noyabr 2026, 10:00
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Tarixin elə anları var ki, həmin günlərdə verilən qərarlar bir ölkənin, bütöv bir xalqın gələcək taleyinə təsir göstərir. 1992-ci ilin noyabrı Azərbaycan üçün məhz belə bir dövr idi. Müstəqilliyin ilk illərində ölkə ağır siyasi, iqtisadi və hərbi sınaqlarla üzləşmişdi. Dövlət idarəçiliyindəki böhran, siyasi qarşıdurmalar, Ermənistanın hərbi təcavüzü və cəbhədəki ağır vəziyyət Azərbaycanın gələcəyini ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir şəraitdə ölkəni bu böhrandan çıxara biləcək güclü siyasi qüvvənin yaradılması tarixi zərurətə çevrilmişdi.
Azərbaycanın görkəmli ziyalıları, tanınmış ictimai-siyasi xadimləri və ölkənin taleyinə biganə qalmayan insanlar bu çətin vəziyyətdən çıxış yolunu Heydər Əliyevin siyasi rəhbərliyində görürdülər. Onun dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və xalq arasında qazandığı böyük nüfuz cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirirdi.
1992-ci il oktyabrın 16-da 91 nəfər nüfuzlu ziyalının Heydər Əliyevə ünvanladığı müraciət Azərbaycanın müasir siyasi tarixində mühüm hadisəyə çevrildi. Tarixə “91-lər”in müraciəti kimi daxil olan bu sənəddə Ulu Öndərdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu. Bu müraciət əslində, ölkədə sabitliyə, güclü dövlətçiliyə və siyasi dəyişikliklərə olan ictimai ehtiyacın ifadəsi idi.
Heydər Əliyev müraciətə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi qiymətləndirdi və belə bir siyasi təşkilatın müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində mühüm rol oynaya biləcəyini bildirdi.
Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə baş tutan konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, Azərbaycanın siyasi həyatında yeni bir mərhələnin əsası qoyuldu.
YAP-ın yaranması yalnız yeni siyasi təşkilatın meydana gəlməsi deyildi. Bu, ölkənin ağır sınaqlardan keçdiyi bir vaxtda dövlətçilik maraqlarını müdafiə edən, milli birliyi və sabitliyi əsas məqsədlərindən biri elan edən siyasi qüvvənin formalaşması idi. Heydər Əliyevin rəhbərliyi ilə partiya qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri təşkilatın siyasi həyatdakı missiyasını ifadə edən əsas ideyalardan biri oldu.
Zaman keçdikcə Yeni Azərbaycan Partiyasının siyasi və təşkilati mövqeyi daha da möhkəmləndi. 2005-ci il martın 26-da keçirilən III qurultayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev partiyanın sədri seçildi. Bununla YAP-ın inkişafında yeni mərhələ başlandı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davam etdirilməsi, müasir dövrün çağırışlarına uyğun yeni hədəflərin müəyyənləşdirilməsi partiyanın fəaliyyətində əsas istiqamətlərdən birinə çevrildi.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni siyasi və ictimai reallıqlara uyğun inkişaf yolunu davam etdirdi. Ölkənin iqtisadi qüdrətinin artması, beynəlxalq mövqelərinin möhkəmlənməsi, ordu quruculuğunun gücləndirilməsi və nəhayət, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası bu dövrün ən mühüm tarixi hadisələridir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün YAP da məhz qalib Azərbaycanın siyasi reallıqları və gələcək hədəfləri əsasında fəaliyyət göstərir.
2021-ci il martın 5-də keçirilən VII qurultay partiyanın təşkilati inkişafında mühüm hadisə oldu. Qurultayda yeni Nizamnamə qəbul edildi, İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırıldı, Veteranlar Şurası yaradıldı. Həmçinin Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi.
2026-cı il oktyabrın 2-də keçirilən VIII qurultay isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni tarixi şəraitdə baş tutdu. Cənab Prezident İlham Əliyev qurultaydakı çıxışında partiyanın qarşısında duran vəzifələri və gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Qurultayda Nizamnaməyə dəyişikliklər təsdiqləndi, İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibləri müəyyən edildi.
Bu gün Yeni Azərbaycan Partiyasının 34 illik tarixinə nəzər salarkən onun hansı ağır şəraitdə yarandığını, hansı siyasi zərurətdən meydana gəldiyini və keçdiyi inkişaf yolunu unutmamaq lazımdır. 1992-ci ildə dövlətçiliyin qorunması naminə yaradılan partiya bu gün müstəqil, suveren və qalib Azərbaycanın siyasi həyatında mühüm yer tutur.
YAP-ın tarixində Heydər Əliyevin adı onun yaradıcısı və ideoloji əsaslarının müəllifi kimi əbədi yaşayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasi xətt isə partiyanın müasir inkişaf mərhələsini müəyyənləşdirir. Naxçıvanda 550 nəfərin iştirakı ilə keçirilən təsis konfransından başlayan bu yol artıq Azərbaycan dövlətçiliyinin müasir tarixinin mühüm bir hissəsinə çevrilib.