
30 yanvar 2025-ci ildə Qərbi Azərbaycan İcmasında "Yaşanmış ömür" kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli görkəmli ziyalı Tapdıq Novruzov haqqında ətraflı məlumat verərək kitabda bir nəslin həyatı fonunda bir mahalın tarixinin canlandığını qeyd etdi.
Sonra Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov görkəmli ziyalı Tapdıq Novruzovla və kitabla bağlı fikirlərini bölüşdü.
QAİ İH-nin üzvü, ADPU-nun prorektoru, Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma rəhbəri, professor, kitabın elmi redaktoru Mahirə Hüseynova,İcmanın Nəzarət-Təftiş Komissiyasının üzvü, kitabın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, professor Niftalı Qocayev, QAİ İH-nin üzvü, Milli Məclisin deputatı Elşad Musayev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri professor, əczaçılıq elmləri doktoru, əməkdar müəllim Məhbubə Vəliyeva, "Respublika" qəzetinin baş redaktoru Hümmət Musayev, BDU-nin dosenti Hümbət Vəliyev, İcmanın Ağsaqqallar Şurasının üzvü, Çəmbərək rayon İcmasının sədri, əməkdar müəllim, professor Əvəz Ələkbərov, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir çıxış edərək kitabda Tapdıq Novruzovun zəngin, təqdirəlayiq pedaqoji və jurnalistlik fəaliyyətindən və insanlıq keyfiyyətlərindən bəhs ediblər.
Çıxışçılar, həmçinin kitabın ərsəyə gəlməsində xüsusi əməyi olan görkəmli xadimin oğlu, Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzovun rolunu qeyd ediblər.
Sonda görkəmli ziyalının övladı Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov söz alaraq tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.
Kitabda tanınmış maarif xadimi, publisist, jurnalist və müdrik el ağsaqqalı olan Tapdıq Həmid oğlu Novruzovun həyat hekayəsi, məqalələri və yaxınlarının xatirələri toplanıb. O, uşaqlıq və gənclik illərini Qərbi Azərbaycanın Loru mahalında keçirib və ömrünü gənclərin elmə və təhsilə yiyələnməsinə həsr edib. Kitab, Qərbi Azərbaycanın mətbuatı, təhsili və ictimai-siyasi mühiti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.