25 sentyabr 2026, 00:22
24 sentyabr 2026-cı il tarixində Qərbi Azərbaycan İcması və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mədəni irsi tariximizin yaşayan yaddaşıdır!” adlı tədbir keçirilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, İcmanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı İlham Məmmədov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli , Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, İcmanın İdarə Heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, İcmanın ictimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin rəhbəri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Yevlax rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və Qərbi Azərbaycan əsilli sakinlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Proqram şəhərdəki tədbir salonlarından birində davam etdirilib.
Qonaqlar əvvəlcə Qərbi Azərbaycan həqiqətlərini əks etdirən sənədli foto-sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ardınca Qərbi Azərbaycan Televiziyasının hazırladığı film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Qərbi Azərbaycandan olan soydaşların Yevlaxda məskunlaşması tarixindən və rayon ərazisində onların sosial-mədəni həyatının dəstəklənməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. O bildirib ki, hazırda Yevlax rayonu ərazisində 18 mindən çox Qərbi Azərbaycan əsilli sakin qeydiyyata alınıb.
Anar Tağıyev Qərbi Azərbaycan məsələsinin milli yaddaş baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, rayonda yaşayan Qərbi azərbaycanlıların öz tarixi-mədəni irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına yönəlmiş təşəbbüslərin bundan sonra da dəstəklənəcəyini bildirib.
Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib.
Əziz Ələkbərli Qərbi Azərbaycanın tarixi, bu ərazilərin Azərbaycan xalqının qədim yaşayış məkanlarından biri olması, burada formalaşmış zəngin maddi və mənəvi irs barədə danışıb. O, azərbaycanlıların müxtəlif dövrlərdə tarixi torpaqlarından deportasiya və zorakı köçlərə məruz qalmasına diqqət çəkərək, bu hadisələrin milli yaddaşda qorunmasının vacibliyini vurğulayıb.
İcma sədri qeyd edib ki, Qərbi Azərbaycan məsələsi yalnız keçmişin xatirələrindən ibarət deyil. Ata-babaların yaşadığı kəndlər, qəbiristanlıqlar, məscidlər, toponimlər, folklor nümunələri, adət-ənənələr və digər mədəni irs nümunələri xalqın tarixi yaddaşının mühüm hissəsidir. Bu irsin araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılması hər bir Qərbi azərbaycanlının qarşısında duran mühüm vəzifələrdəndir.
Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının son dövrdə həyata keçirdiyi layihələr və əldə etdiyi nəticələr barədə də məlumat verib. O, İcmanın tarixi faktların araşdırılması, Qərbi Azərbaycanın mədəni irsinin öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini genişləndirdiyini bildirib.
İcma sədri tədbirin yüksək səviyyədə təşkilinə görə Yevlax Şəhər İcra Hakimiyyətinə təşəkkür edib, Qərbi Azərbaycandan olan soydaşların Yevlaxda daha çox məskunlaşmasının və rayonun ictimai həyatında fəal iştirakının əhəmiyyətini vurğulayıb.
Əziz Ələkbərli çıxışının sonunda Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdacağına əminliyini ifadə edib. O bildirib ki, bu ideyanın arxasında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dayanır və Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz ata-baba yurdlarına qayıdışına inam böyükdür.
Sonra Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edib.
Məlahət İbrahimqızı Qərbi Azərbaycan yaddaşının qorunmasında qadınların və anaların xüsusi rolunu vurğulayıb. O bildirib ki, deportasiya və məcburi köç prosesinin canlı şahidi olmuş insanların xatirələri, ailələrdə nəsildən-nəslə ötürülən məlumatlar, qadınların və anaların yaddaşında qorunan yurd xatirələri Qərbi Azərbaycanın tarixi yaddaşının mühüm hissəsidir. Bu yaddaşın uşaqlara və gənclərə çatdırılmasının vacibliyini qeyd edən deputat Qərbi azərbaycanlı qadınların bu istiqamətdə üzərinə mühüm missiya düşdüyünü bildirib.
Daha sonra söz Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovaya verili. Mahirə Hüseynova Qərbi Azərbaycan mədəni irsinin öyrənilməsi və qorunmasının əhəmiyyətindən danışıb. O, milli-mədəni dəyərlərin, folklorun, şifahi xalq ədəbiyyatının, adət-ənənələrin və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Qərbi azərbaycanlıların öz ata-baba yurdları ilə bağlı xatirələrinin, ailə tarixlərinin və şahid ifadələrinin sənədləşdirilməsinin mühüm olduğunu qeyd edib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının ictimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin rəhbəri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı da çıxış edib.
Telli Pənahqızı çıxışında Qərbi Azərbaycan yaddaşının qorunmasında medianın, xüsusilə Qərbi Azərbaycan Televiziyasının rolundan danışıb. O bildirib ki, televiziya layihələri vasitəsilə Qərbi Azərbaycandan olan insanların xatirələri, tarixi faktlar, yurd yerləri və mədəni irslə bağlı məlumatlar toplanaraq geniş ictimaiyyətə çatdırılır.
O, Qərbi Azərbaycan Televiziyasının kiçik kollektivlə milli yaddaşın qorunması istiqamətində fəaliyyət göstərdiyini qeyd edib və tədbir iştirakçılarını Qərbi Azərbaycanla bağlı xatirələrini yaşatmağa, bu mövzuda kitabları oxumağa, araşdırmaları izləməyə və öz ailə tarixlərini gələcək nəsillərə çatdırmağa çağırıb.Telli Pənahqızı çıxışında xüsusilə gənc nəslin Qərbi Azərbaycanın tarixi və mədəni irsi barədə məlumatlandırılmasının vacibliyini vurğulayıb.
Çıxışlardan sonra Qərbi Azərbaycan əsilli sakinlərə Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri təqdim olunub.
Tədbir iştirakçılarına və qonaqlara hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində muğam üçlüyünün ifasında Qərbi Azərbaycan mövzusunda muğamlar səsləndirilib, Vətən və milli yaddaş mövzusunda vətənpərvərlik şeirləri ifa olunub.
Sonda Qərbi Azərbaycan mədəni irsinin qorunması, milli yaddaşın yaşadılması və bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyi bir daha vurğulanıb.





































