26 iyul 2025, 11:29
2025-ci il 25 iyul tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzində Zaqatala rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının birinci cildinin təqdimatı keçirilmişdir.
Təqdimat mərasimində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Qərbi Azərbaycan İcmasının ziyalılar şurasının üzvü Anar Osmanlı, Qərbi Azərbaycan İcmasının Zaqatala rayonu üzrə nümayəndəsi Vasif İsrafilzadə, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Zaqatala rayon Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidə kompleksini ziyarət etmiş, xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə rayon rəhbəri qonaqları mərkəz ilə tanış etmiş, mərkəzdə yerləşən Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat və xatirə şəkillərinə baxış keçirmişlər. Sonra konfrans zalında davam edən tədbirdə ilk öncə Dövlət Himninin səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra “Qərbi Azərbaycan irsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx tədbir iştirakçılarına nümayiş etdirilmişdir.
Tədbiri giriş nitqi ilə açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxışında bildirib ki, Ermənistan tərəfindən müxtəlif illərdə həyata keçirilən deportasiyalar nəticəsində yüzminlərlə azərbaycanlı öz doğma yurdlarından məcburi şəkildə çıxarılıb, bu günkü “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı – məhz o tarixi həqiqətlərin unudulmaması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. “Qərbi Azərbaycan irsi” kitabının I cildinin işıq üzü görməsi önəmli ideyasına, hazırlanmasına və nəşrinə görə dünya miqyaslı bir uğurdur. Fundamental nəşr sayılan belə bir mənbənin ərsəyə gətirilməsi Azərbaycanda bu yöndə atılmış ilk addım kimi elmi-mədəni hadisə sayılır.
Rayon İcra Hakimiyyətinin başçısı xüsusilə qeyd edib ki, ölkə rəhbərinin Qərbi Azərbaycanla bağlı aparılan məqsədyönlü fəaliyyət, bu mövzuda hazırlanan elmi əsaslı nəşrlər və beynəlxalq platformalarda səsləndirilən haqlı mövqelər, soydaşlarımızın öz yurdlarına təhlükəsiz qayıdışını təmin etməyə yönələn mühüm addımlardır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilən uğurlu xarici və daxili siyasət sayəsində Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdacağı gün artıq uzaqda deyil.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının ziyalılar şurasının üzvü Anar Osmanlı Azərbaycan İrsi” kitabının əhəmiyyətinə toxunaraq vurğulayıblar ki, bu kitab Ermənistan tərəfindən azərbaycanlılara məxsus izlərin silinməsi siyasətinə qarşı tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. “Qərbi Azərbaycan irsi” kitabının I cildinin işıq üzü görməsi yalnız bir elmi nəşr deyil, eyni zamanda Qərbi Azərbaycanda əsrlər boyu formalaşan zəngin mədəni-mənəvi irsin təbliği baxımından milli yaddaş kitabıdır.
Tədbirdə çıxış edən digər natiqlər doğma el-obasından didərgin düşmüş soydaşlarımız artıq uzun illərdir ki, Vətən həsrəti ilə qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirmiş, 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatının bu həsrətə son qoyduğunu, tarixi ədalətin bərpa olunduğunu xüsusi vurğulamışlar.





























