1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında

1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində  xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət  nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən — min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından  didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran  edilmişdir.

 SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı  növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948—1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR  ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların  icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır  köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist  dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrki Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi,  soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.

 Təəssüf ki, 1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca  araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.

 Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram:

 1. 1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının  hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və  onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Dövlət Komissiyasının sədri

Heydər Əliyev                            —Azərbaycan Respublikasının Prezidenti

Dövlət Komissiyası sədrinin müavini

Artur Rasizadə                          — Azərbaycan Respublikasının Baş naziri Dövlət Komissiyasının üzvləri

Ramiz Mehdiyev                       —Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri

Vasif Talıbov                             —Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri

İzzət Rüstəmov                         —Azərbaycan Respublikası Baş nazirinin müavini

Elçin Əfəndiyev                         —Azərbaycan Respublikası Baş nazirinin müavini

Həsən Həsənov                          —Azərbaycan Respublikasının xarici işlər naziri

Namiq Abbasov                         —Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Ramil Usubov                             —Azərbaycan Respublikasının daxili işlər naziri

Eldar Həsənov                            —Azərbaycan Respublikasının Baş prokuroru

Südabə Həsənova                       —Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini

Xanlar Hacıyev                          —Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Sirus Təbrizli                              —Azərbaycan Respublikasının mətbuat və informasiya naziri

Vəfa Quluzadə                           —Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə Dövlət müşaviri

Hidayət Orucov                          —Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə Dövlət müşaviri

Fatma Abdullazadə                   —Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri

Şahin Əliyev                   —Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Fuad Ələsgərov                      —Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri

Yusif Hümbətov                         —Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Əli Həsənov                           —Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri

Rafael Allahverdiyev                 —Bakı şəhəri İcra Hakimiyyətinin başçısı

Nizami Xudiyev                         —Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri

Fərəməz Maqsudov                    —Azərbaycan Elmlər Akademiyasının prezidenti

Anar Rzayev                              —Azərbaycan Yazıçılar Birliyinin sədri

Cəmil Quliyev                         —Azərbaycan Elmlər Akademiyası ictimai elmlər bölməsinin akademik-katibi əvəzi

İqrar Əliyev                                —Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru

Budaq Budaqov                          —Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru

Ataxan Paşayev                          —Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi

Yusif Yusifov                         —N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi tarix kafedrasının müdiri

 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrası ilə bağlı məsələləri həll etsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti

 Heydər ƏLİYEV

 Bakı şəhəri, 18 dekabr 1997-ci il

        № 656