Hüseynəli xan Ziyadoğlu Qacar - (? – 9 noyabr 1783, İrəvan) - 1759–1783-cü illərdə İrəvan xanı olmuşdur. Hüseynəli xanın Qulaməli xan, Məhəmməd xan, Məhəmmədqulu xan adında övladları olmuşdur. Qulaməli xan 1783–1785-ci illərdə İrəvan xanı olmuşdur. Qulaməli xanın qətlə yetirilməsindən sonra Hüseynəli xanın ikinci oğlu Məhəmməd xan 1785–1805-ci illərdə İrəvan xanı olmuşdur. Məhəmməd xanın anası Vedibasarın Şadılı tayfasından idi. Məhəmməd xan həmçinin Naxçıvan xanı Kəlbəli xanın qaynı idi.
Şərqin nadir memarlıq incilərindən hesab edilən Xan sarayı, yaxud Sərdar sarayı İrəvan sərdarı Əmirqunə xan Qacar (1605–1625) tərəfindən ucaldılmış, 1760–1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762–1783) tərəfindən təkmilləşdirilmişdi. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784–1805) sarayın Şüşəbənd adı ilə də tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirmişdi.
1782-ci ildə İrəvan xanı Hüseynəli xan xanlığın rəsmi sənədlərini və şəxsi yazışmalarını toplayıb qaydaya salmaq üçün Təbrizdən xəttat dəvət etmişdi. İrəvan xanlığının və İrəvan şəhərinin tarixi üçün qiymətli mənbə olan həmin əlyazmaların orijinalları “Hüseynəli xanın divanı” adı altında toplanaraq kitab şəklinə salınmışdı. “Hüseynəli xanın divanı”nın yeganə əlyazma nüsxəsi hazırda Ermənistan Dövlət Muzeyində saxlanılır. (Əlyazma № 5039/1121).