Nəriman bəy Kərbəlayi Nəcəf oğlu Nərimanbəyov – ( 14 aprel 1870, Tiflis – 19 mart 1925, Moskva ) - İrəvanda maarif fədaisi kimi ad qazanan Haşım bəyin ailəsində 1889-cu ildə anadan olmuşdur. Haşım bəy İrəvanda azərbaycanlılar üçün ana dilində məktəblərin yaranmasında və xeyriyyə cəmiyyətinin təşkilində fəal iştirak etmişdir. Haşım bəyin Azərbaycan məktəbləri üçün başqa müəllimlərlə birlikdə tərtib etdiyi “Ana dili” kitabı hələ 1907-ci ildə İrəvanda, sonralar isə üç dəfə Tiflisdə çapdan çıxmışdır. Onun mətbuatda xeyli məqaləsi, teatr tamaşaları haqqında resenziyaları çap olunmuşdur.
Nəriman bəy orta təhsilini İrəvan gimnaziyasında başa vuraraq əvvəlcə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində, sonra isə Xarkov universitetinin hüquq fakültəsində təhsil almışdır. N.Nərimanbəyov burada Azərbaycan Tələbə Həmyerlilər Təşkilatının rəhbərliyinə seçilmiş və inqilabi fəaliyyətini davam etdirmişdir.
Ali təhsilini 1915-ci ildə başa vurub İrəvana qayıdan Nəriman bəy Nərimanbəyov vəkil işləməklə yanaşı, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərlərindən biri olmuşdur.
1917-ci ildə Rusiyada fevral inqilabından sonra Bakıya köçən N. Nərimanbəyov Müsavat partiyasının sıralarına daxil olmuşdur. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz Müsəlmanlarının qurultayında, oktyabrında isə Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının birinci qurultayında fəal iştirak etmişdir.
1918-ci ilin fevralında Nəriman bəy Nərimanbəyov Zaqafqaziya Seyminin üzvü seçilmişdir. O, həmin il fevralın 28-də Seym tərəfindən təsdiq olunmuş Müsəlman fraksiyasının tərkibindəki Müsavat və bitərəflər qrupunun üzvü, 1918-ci il mayın 28-də isə qəbul edilən Azərbaycanın İstiqlal bəyannaməsini imzalayanlardan biri olmuşdur.
N.Nərimanbəyov həmin il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilmiş, parlamentdə Müsavat fraksiyasının tərkibinə daxil olmuşdur.
Nəriman bəy Nərimanbəyov Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyovun təşkil etdiyi kabinədə (14 aprel 1919-cu il ) dövlət nəzarətçisi vəzifəsini icra etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nəriman bəy Nərimanbəyov müxtəlif idarələrdə hüquq məsləhətçisi və vəkil işləmişdir.
Öz dövrünün tanınmış siyasi və ictimai xadimi olan Nəriman bəy Nərimanbəyov 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuşdur.