Sabir Əkbər oğlu Rizayev - ( 17 aprel 1924, İrəvan – 20 dekabr 1978, İrəvan ) - Görkəmli kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru Sabir Rizayev İrəvandakı Puşkin adına yeddiillik məktəbi bitirmişdir. Atası Əkbər Rizayev həmin vaxt Moskvada “İnostrannaya literatura” jurnalının redaksiyasında Türk ədəbiyyatı şöbəsinin müdiri işləyirdi. Sabir orta məktəbi Moskvada bitirmiş, 1942-ci ildə könüllü olaraq müharibəyə getmişdir. İkinci Dünya müharibəsi qurtardıqdan sonra İrəvana qayıtmış və “Kommunist” qəzetində işləmişdir. 1948-ci ildən teatr tamaşaları və filmlər haqqında tənqidi məqalələri mətbuatda dərc olunmağa başlamışdır.
Sabir Rizayev 1951-ci ildə İrəvandakı Teatr İnstitutunu bitirmişdir. O, 1954-cü ildə Leninqradda (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aspiranturasını fərqlənmə diplomu ilə bitirdikdən sonra “Armenfilm” kinostudiyasında ssenari şöbəsinə rəhbərlik etmiş, Ermənistan Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor işləmişdir. 1965-ci ildən ömrünün sonunadək Ermənistan Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktor müavini və Ermənistan Kinematoqrafçılar İttifaqının idarə heyətinin katibi vəzifəsində işləmişdir. Onun səyi nəticəsində İncəsənət İnstitutunda Kino şöbəsi yaradılmış, bir sıra monoqrafiyalar yazılmışdı.
Erməni dilini mükəmməl bilən Sabir Rizayev əsərlərini rus dilində yazmışdır.
Sabir Rizayevin ömrünü teatra, incəsənətə bağlamasında onun valideynlərinin müstəsna xidmətləri olmuşdur. Onun atası Əkbər Rzayev hələ İrəvan gimnaziyasında oxuyarkən “Könülsüz nikah” adlı komediya yazmış və həmin əsər İrəvan teatr həvəskarları tərəfindən tamaşaya qoyulmuşdu. Daha sonralar Əkbər Rzayev Ermənistan komsomolunun Mərkəzi Komitəsində və Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işlədiyi vaxtlarda İrəvan teatrını yaşatmaq üçün tamaşalarda rollar ifa etmişdir. Anası Firəngiz Rzayeva İrəvanda səhnəyə çıxan ilk ziyalı azərbaycanlı qadınlardan olmuşdur.
Sabir Əkbər oğlu Rizayev 1975-ci ildə “Ermənistan SSR Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. Müasir erməni sənətşünasları Sabir Rizayevi erməni kinoşünaslığının banisi adlandırırlar. O, bir sıra filmlərin ssenari müəllifi olmuşdur. Sabir Rizayevin qələmindən çıxan “Erməni bədii kinematoqrafiyası” (1963), “Raçya Nersesyan” (1968), “Vardan Əcəmyan” (1978) monoqrafiyaları sənətşünasların stolüstü kitablarına çevrilmişdir.
Onun müəllifi olduğu İrəvan Azərbaycan Dövlət Dram Teatrı haqqında ilk tədqiqat əsəri 1963-cü ildə Bakıda rus dilində “Ermənistanda Azərbaycan teatrı” adı altında çap olunmuşdur. İrəvan teatrının banisi Yunis Nuri haqqında Sabir Rizayevlə aktyorun oğlu Əkbər Yerevanlının birgə yazdıqları 165 səhifəlik illüstrasiyalı “Yunis Nuri” kitabı 1982-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda azərbaycanca çap olunmuşdur.
Ümumiyyətlə, Sabir Rizayevin müəllifliyi və tərtibçiliyi ilə 28 kitabı çap olunmuşdur. Onlardan 14-ü rus dilində, 13-ü erməni dilinə tərcümə olunaraq, biri isə azərbaycanca çap olunmuşdur.
Sabir Rizayevin yazdığı əsərlər bu gün də öz aktuallığını saxlamasının göstəricisidir ki, onun rus dilində yazdığı məqalələrinin bir qismi toplanaraq 2009-cu ildə İrəvanda “Избранные работы: о театре и кино” adı ilə 280 səhifə həcmində nəfis şəkildə çap edilmişdir.
Sabir Rizayev yaradıcılığının çiçəkləndiyi bir vaxtda həyatla vidalaşmışdır. O, İrəvanda keçirilən konfrans zamanı məruzə edərkən infarkt keçirmiş və məruzəsini tamamlaya bilməyərək vəfat etmişdir. Sabir Rizayev böyük izdihamla İrəvan şəhər qəbiristanlığında dəfn edilmişdir.