Yunis Qəhrəman oğlu Rzayev – ( 2 may 1924, Basarkeçər rayonu, Şişqaya kəndi – 24 yanvar 1985, Bakı ) – Orta təhsil aldıqdan sonra 1943-1946-cı illərdə ordu sıralarında xidmət etmiş, Zaqafqaziya Hərbi Dairəsi nəzdində siyasi məktəbdə oxumuşdur. Daha sonra doğma yurda qayıtmış, Ermənistan SSR KP Basarkeçər Rayon Komitəsində təlimatçı kimi işə qəbul edilmişdir. Y.Rzayev 1950-1953-cü illərdə Bakı Dövlət Universitetində təhsilini davam etdirmiş, həmçinin Azərbaycan SSR KP MK nəzdində Ali Partiya Məktəbini bitirmişdir.
O, 1950-ci ildən Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkilmiş, 1953-cü ildə rayon icraiyyə komitəsinin sədri olmuş, 1957-ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.
Xalqın etimadını qazanan, iqtisadiyyatın yüksəldilməsinə tükənməz enerji sərf edən Y.Rzayev 1960-1962-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbində təhsilini davam etdirmiş, 1962-1963-cü illərdə Martuni Rayon Kolxoz-Sovxoz İstehsalat İdarəsində partiya təşkilatçısı, 1963-cü ildən 1965-ci ilə qədər isə Basarkeçər Rayon Kolxoz-Sovxoz İstehsalat İdarəsi partiya komitəsinin katibi vəzifəsində çalışmışdır.
Y.Rzayev 1965-1966-cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968-1970-ci illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifələrində işləmişdir. O, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın arxa-dayağı olmuş və onların erməni xəyanətinə tuş gəlməməsi üçün bütün imkanlarından istifadə etmişdir. Y.Rzayev 1954-1959-cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959-cu ildən isə üzvü olmuş, Sov. İKP XXIII-XXIV qurultaylarının nümayəndəsi, VII çağırış SSRİ Ali Sovetinin, IV, V, VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı və respublika Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir.
Y.Rzayev Qərbi Azərbaycanda rəhbər vəzifələrdə çalışarkən ermənilərin azərbaycanlılara qarşı məkrli niyyətlərinin qarşısını qətiyyətlə almışdır. Müxtəlif sahələrdə azərbaycanlı kadrlara üstünlük vermişdir. Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. O, 1980-ci il avqust ayının 6-da ( o zaman Azərbaycan Respublikası Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri işləyirdi) öz səsi ilə audi-kasetə yazdırıb övladlarına yadigar qoyduğu müraciətdə deyirdi: ...1918-ci ilin mart ayında daşnakların azərbaycanlıları necə vəhşiliklə qırması barədə mənim əlyazmam var. Orada xüsusilə Andronik, Sulikov, Tevosov və başqalarının təkcə Basarkeçərdə 7 min dinc azərbaycanlının qətli ilə nəticələnmiş vəhşi əməlləri əks olunmuşdur. Bütün bunları sizə çatdırmaqda məqsədim odur ki, ermənilərin xalqımızın necə böyük düşməni olduğunu heç vaxt unutmayasınız...
Y.Rzayev erməni xəyanəti üzündən Qərbi Azərbaycandan Bakıya köçəndən sonra 1970-1973-cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci il yanvarın 24-dən isə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifələrində işləmişdir. Böyük ictimai xadim VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Onun fədakar əməyi, xidmətləri "Lenin", "Oktyabr inqilabı", 3 "Qırmızı Əmək Bayrağı" ordeni, 9 medal və fəxri fərmanlarla qiymətləndirilmişdir.
Y.Rzayev komitə sədri vəzifəsində çalışdığı dövrdə SSRİ Yeyinti Sənayesi Nazirliyinin Baş Şərabçılıq İdarəsinin rəisi Leonid Şayturo ilə Kanadada olmuş, orada geniş cərgəli, yüksək ştamblı üzümlüklərin becərmə sistemilə maraqlanmış və sonradan bu texnologiya Azərbaycanda tətbiq edilməklə hektarın məhsuldarlığı 1,5 dəfə yüksəlmişdir.
Y.Rzayevin rəhbərliyi sayəsində emal müəssisələrinin nəzdində yardımçı təsərrüfatlar, heyvandarlıq, quşçuluq və s. sahələr yaradılmışdır. Sonralar SSRİ Yeyinti Sənayesi sistemində bu sahənin araşdırılması zamanı Azərbaycanın bu təcrübəsi keçmiş müttəfiq respublikalar üçün nümunəvi iş metodu kimi qəbul olunmuş və yayılmışdır. Onun Üzümçülük və Şərabçılıq Komitəsinin sədri işlədiyi illərdə üzümçülük və şərabçılıq sahəsi özünün ən yüksək inkişaf mərhələsinə qalxdı. 1973-cü ildən başlayaraq ildə 20-25 min hektardan çox sahədə üzümlüklər salınmışdır. Ümumi üzümlük sahələri 124 min hektardan 285 min hektara, məhsuldarlıq isə hər hektardan 43 sentnerdən 95 sentnerə, bəzi sovxozlarda isə 150-250 sentnerə çatdırılmışdır, ümumi məhsul isə 2 milyon 100 min tonu keçmişdi. Bundan başqa, 120-135 milyon dal şərab istehsal olunmuşdu, ayda Rusiya və digər regionlara 10-12 milyon dal və ya 2100-2200 dəmir yolu sisterni şərab göndərildi.
O zaman respublikada məhsul istehsalının intensiv inkişaf etdirilməsinin əsas səbəblərindən biri də istehsal fondlarının artırılması idi. Belə ki, əgər 1976-cı ildə Üzümçülük və Şərabçılıq Komitəsinin bir təsərrüfatında 3,1 milyon manat əsas fondlar, o cümlədən 2,1 milyon manat kənd təsərrüfatı təyinatlı əsas istehsal fondları düşürdüsə, bu göstərici 1982-ci ildə müvafiq olaraq 3,8 və 2,9 milyon manata çatmış və yaxud 22,5 və 38,1 faiz artmışdır.
Yunis Rzayevin adı çəkilən komitəyə rəhbərliyi illərində tutumu 400-1000 ton olan çoxsaylı soyuducular tikilib quraşdırılmışdır. Dünya standartlarına uyğun gələn müasir konyak, şampan və şərab zavodlarının tikintisi xüsusilə diqqət mərkəzində olmuşdur. Bakıdakı 2 saylı şərab zavodu yenidən qurulmuş, Naxçıvanda şərabsüzmə müəssisəsi tikilmiş, mövcud zavodların istehsal gücü artırılmışdır. Moskva, Leninqrad, Rostov, İrkutsk, Kazan, Kemerovo, Bratsk şəhərlərində Azərbaycan şərabının istehsalı üçün iri müəssisələr yaradılmışdır. İstehsal olunan yüksək keyfiyyətli şərablar beynəlxalq sərgi və dequstasiyalarda öz layiqli yerini tutmuşdur. Azərbaycanda istehsal olunan şərab və konyaklar Bolqarıstanda, Yuqoslaviyada, Almaniyada, Çexoslovakiyada, Macarıstanda gümüş və qızıl medallara layiq görülmüşdür.
Respublikada qısa müddətdə üzüm istehsalının artırılması ilə yanaşı, üzüm qəbulu və emalı zavodlarının tikilməsi, keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərindəki şərab müəssisələrinin şərab və konyakla təchiz edilməsi məhz dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında Yunis Rzayevin səmərəli fəaliyyətinin nəticəsi idi.
Yunis Rzayev II Fəxri Xiyabanda dəfn olunub.