Zərbəli Qurbanov

Zərbəli Qasım oğlu Qurbanov – (1934, Qərbi Azərbaycan, Basarkeçər, Nərimanlı – 2003, Bakı) Zərbəli Qurbanov ali partiya təhsili almışdı. Vardenis (Basarkeçər) rayon Soveti İcraiyyə Komitəsinin sədri, 1981-1984-cü illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. Zərbəli Qurbanovun redaktorluq illəri “yenidənqurma” və “aşkarlıq” pərdəsi altında erməni şovinizminin yenidən baş qaldırması dövrünə təsadüf etmişdir. Zərbəli Qurbanov 1985-1988-ci illərdə “Sovet Ermənistanı”nın redaktoru olmuşdur. 1987-ci ilin sonlarından etibarən “Sovet Ermənistanı” qəzetinin redaksiyası öz əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi qayğısına qalmaqla yanaşı, həm də bütövlükdə Ermənistan ərazisində insan hüquqları kobudcasına pozulan, təzyiq və təqiblərlə üzləşən, ermənilərin zorakılıqlarına məruz qalan azərbaycanlıların hüquqlarının müdafiəçisi kimi çıxış etmək məcburiyyətində qalmışdı. Qəzetin baş redaktorunun imzası ilə azərbaycanlılara qarşı edilən təzyiqlər və zorakılıqlar barədə Ermənistanın və SSRİ-nin rəhbər orqanlarına müraciətlər edilir, soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün konkret tədbirlərin ələ alınması tələb edilirdi. Lakin “türksüz Ermənistan” siyasətini həyata keçirən Ermənistan rəhbərliyi ciddi tədbirlər görmək əvəzinə, azərbaycanlıların respublika ərazisini tərk etməyə məcbur edən erməni silahlı dəstələrinin hər cür özbaşınalıqlarını ört-basdır edirdi.

1988-ci ilin sonunda “Sovet Ermənistanı” qəzetinin əməkdaşlarının böyük əksəriyyəti Azərbaycana köçmək məcburiyyətində qalmışdı. Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan KP MK-nın, Ali Sovetin və Nazirlər Sovetinin orqanı olan qəzetin redaktoru kimi, Zərbəli Qurbanov 1989-cu ilin yanvarında Bakıya gələrək, Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun qəbulunda olmuş, Ermənistanda yaşayan azərbaycanlılara qarşı ermənilərin etdikləri vəhşiliklər haqqında məlumat vermiş, etnik təmizləmə siyasətinin respublika rəhbərliyi səviyyəsində həyata keçirildiyini bildirmişdi. Lakin Azərbaycan rəhbərliyinin öz soydaşlarının taleyinə biganə qalması ermənilərə imkan verdi ki, etnik təmizləmə siyasətini qısa müddətdə başa çatdırsınlar. İrəvandakı Opera teatrının qarşısında keçirilən mitinqlərin birində “Sovet Ermənistani” qəzeti ilə haqq-hesab çəkmək təklif olunmuş, mitinqçilər redaksiya binasını mühasirəyə almışdılar. Xüsusi təyinatlı dəstənin mitinqçiləri dağıtması nəticəsində redaksiyanın 20-yə yaxın əməkdaşı girov vəziyyətindən azad olunmuşdular. Bir müddətdən sonra Zərbəli Qurbanov və redaksiyanın bir neçə əməkdaşı həmişəlik olaraq İrəvanı tərk etmək məcburiyyətində qalmışdılar.

Ədəbiyyat: Azərbaycan Xalq Cümhuriyyəti ensklopediyası I cild, Bakı, 2004; Azərbaycan Xalq Cümhuriyyəti ensklopediyası II cild, Bakı, 2005; Azərbaycan tarixi. V cild, Bakı, 2001; Azərbaycan sovet ensiklopediyası; Azərbaycan Demokratik Respublikası, Bakı, 1990; Məmmədov İsrafil. Tariximiz,torpağımız, taleyimiz, Bakı, 2002; Zeynalov Əsgər. İrəvan ziyalıları. Bakı, 1999; Mustafa Nazim. İrəvan şəhəri, Bakı, 2021; Talıblı Tahir. Əziz Əliyev. Bakı, 1997; Əbdülhüseyn Ənbiya oğlu. XX əsrin 100 görkəmli azərbaycanlısı. Bakı, 2002; Əhmədov Teymur. XX əsr Azərbaycan yazıçıları. Bakı, 2004; Керимова Тamilla. Из истории национальной Академии Наук Азербайджана, Баку, 2005. Bioqrafik məlumatların hazırlanmasında həmçinin tədqiqatçılardan Ədalət Tahirzadənin, Şəfəq Nasirin məqalələrindən istifadə edilmişdir.