Bəyanatlar

Almaniya Xarici Əlaqələr Şurasının Qarabağ bölgəsində mədəni irsin təhlükədə olması bəhanəsi ilə keçirdiyi tədbirlə əlaqədar bəyanat
06 mart 2024, 10:52

Almaniya Xarici Əlaqələr Şurası 2024-cü il 6 mart tarixində Azərbaycanın Qarabağ bölgəsində mədəni irsin təhlükədə olması bəhanəsi ilə tədbir keçirir. Öz dini təəssübkeşlik baxışlarını gizlətməyən Daqmar Heller adlı şəxsin Azərbaycanın ərazi bütövlüyünə qəsd edən başlığa malik və iftiralarla dolu kitabının təqdimatına həsr edilmiş bu tədbir anti-Azərbaycan xarakteri daşıyır.

Xatırlatmaq istərdik ki, özünü peşəkar və bitərəf qurum kimi qələmə verən Almaniya Xarici Əlaqələr Şurası Azərbaycan mədəni irsinin dağıdılması, bir milyon azərbaycanlının etnik təmizləməyə məruz qalması mövzularında bir dəfə də olsun tədbir keçirməyib və öz nəşrlərində, hesabatlarında bu məsələni görməzdən gəlib. Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan ərazilərində Azərbaycan mədəni irsini kütləvi şəkildə dağıtması faktına göz yummuş bir elmi qurumun, indi bir ovuc qərəzli, radikal ünsürləri yığıb Qarabağda erməni abidələrinə təhlükə olması “ehtimalı” barədə tədbir keçirməsi dini və etnik əsasda ayrı-seçkilikdir və elm adına böyük utancdır.

Qərbi Azərbaycan İcması Almaniya Xarici Əlaqələr Şurasından həmin tədbirdən imtina etməyi, əsas diqqətini Ermənistandan azərbaycanlıların qovulması və onların mədəni irsinin tamamilə dağıdılması kimi baş vermiş haqsızlıqlara yönəltməyi və məhz bu mövzularda tədbir keçirməyi tələb edir.