Bəyanatlar

Avropa İttifaqı və ABŞ-ın ikili standartlar siyasəti ilə əlaqədar bəyanat
22 mart 2024, 14:56

Mətbuatda 2024-cü il aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə xəbərlər yayılmışdır. 

Hesab edirik ki, son vaxtlar bəzi dairələrin Azərbaycanı məqsədli şəkildə hədəfə alan düşmənçilik kampaniyası, xüsusilə “Avropa Sülh Təsisatı” (EPF) vasitəsilə Ermənistana hərbi yardımlar edilməsi cəhdləri fonunda Brüssel görüşü Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına xidmət etməyən, yanlış mesajlar verən bir addımdır. Bu görüş geosiyasi rəqabətin Cənubi Qafqaza gətirilməsi, regionda ayırıcı xəttlərin yaradılması kimi təhlükəli tendensiyanın daha bir nümunəsidir. 

Təəssüflə bildiririk ki, dəfələrlə haqq işimizin dəstəklənməsi ilə bağlı müraciətlərimizə baxmayaraq, həm Avropa İttifaqı, həm də ABŞ onlara etinasız yanaşır.

Qərbi Azərbaycan İcması daim beynəlxalq hüquqa, insan hüquqlarına hörmətdən dəm vuran Avropa İttifaqını və ABŞ-ni ikili standartlar siyasətinə son qoymağa, şübhəli gündəliklə görüş keçirməməyə və keçirdiyi halda isə, görüşdə Ermənistanın militarist siyasətindən əl çəkməsi və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına və UNESCO-nun faktaraşdırıcı missiyasının səfərinə imkan yaradılması məsələsini Ermənistan qarşısında qaldırmağa çağırır.