Bəyanatlar

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə əlaqədar bəyanat
14 fevral 2024, 08:30

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell 2024-cü il fevralın 13-də Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasından sonra verdiyi bəyanatında öz ənənəsinə sadiq qalaraq bir sıra anti-Azərbaycan fikirlər səsləndirmişdir. 

C. Borrell sərhəd zonasında uzun müddət davan edən sakitlikdən sonra Ermənistan ordusunun 2024-cü il fevralın 12-də azərbaycanlı sərhədçisinin yaralaması faktını görməzdən gələrək, Azərbaycan tərəfinin özünü müdafiə hüququna uyğun olaraq atdığı addımları sual altına almağa çalışmışdır. 

Aİ nümayəndəsinin qoşunların sərhəd bölgəsindən geri çəkilməsi kimi əcaib təklifi ilk növbədə Azərbaycanın suverenliyinə zidd olmaqla, işğalçı Ermənistan ordusunu Azərbaycana qarşı növbəti hücumları üçün əlverişli mövqelərə çıxarmaq məqsədi daşıyır. Ermənistan ordusu öz torpağında möhkəm dayanmış Azərbaycan ordusu ilə üzləşmək istəmirsə, Ermənistanın içərilərinə doğru geri çəkilməkdə sərbəstdir. 

Aİ Ermənistana yeritdiyi missiyası ilə bağlı qeyri-səmimi və qeyri-konstruktiv davranıb. Aİ bu missiyanın vəzifələri, ölçüsü və fəaliyyət dairəsi barədə Azərbaycan tərəfinə verdiyi vədlərini kobud şəkildə pozur. Missiya faktiki olaraq, Ermənistan tərəfinə hərbi və kəşfiyyat örtüyü yaratmaq və sərhəd zonasında Azərbaycana qarşı təzyiq və təxribatlar ilə məşğuldur. Öz vəzifələri sırasında keçmiş münaqişənin sərhədyanı bölgələrdə insanlara təsiri məsələsi ilə məşğul olmaq yazılmasına baxmayaraq, missiya Ermənistanın sərhədyanı bölgələrindən qovulmuş azərbaycanlı qaçqınların hüquqları ilə məşğul olmur, onların evlərinin, qəbiristanlıqlarının və mədəni irsinin Ermənistan tərəfindən vəhşicəsinə dağıdılmasına göz yumur. 

Nəhayət, Aİ nümayəndəsi münaqişənin təsirinə məruz qalmış insanlar ilə bağlı növbəti dəfə dini və etnik əsasda ayrı seçkiliyə yol vermişdir. Belə ki, C. Borrell Azərbaycanın Qarabağ bölgəsindən ötən il Ermənistanın təhriki ilə, könüllü şəkildə köçüb getmiş erməniləri “qaçqın” adlandıraraq, onlara humanitar qayğıdan danışdığı halda, Ermənistandan zorla qovulmuş 300 mindən artıq azərbaycanlı haqqında bir kəlmə belə deməmişdir. 

Qərbi Azərbaycan İcması hesab edir ki, Aİ nümayəndəsi bu cür açıq qərəz nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında sülh perspektivlərini çətinləşdirməyə və gərginlik yaratmağa çalışır. İcma Aİ institutlarını bu əməllərindən əl çəkməyə, Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olmamağa, Aİ-nin Ermənistandakı missiyasının Azərbaycana qarşı təxribatçı davranışlarına son qoymağa və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağırır.