Görüşlər

Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndələri ilə görüş keçirilib
17 mart 2025, 20:35

17 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndələri Qərbi Azərbaycan İcmasını ziyarət edərək İcma rəhbərliyi ilə görüş keçirib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli İcma barədə ətraflı məlumat verdi, soydaşlarımızın geri qayıdışı istiqamətində aparılan işlərə toxundu. Bildirdi ki, İcma istər ölkə daxilində, istərsə də beynəlxalq istiqamətdə öz torpaqlarından zorla qovulmuş Qərbi Azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı uğrunda apardığı intensiv işini davam etdirir.

İcma sədri, hal-hazırda 22 rayon və 284 kənd icmasının fəaliyyət göstərdiyini qeyd edib.

Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov İcmaya edilən ziyarətin önəmindən bəhs edib, İcma tərəfindən aparılan işləri yüksək dəyərləndirib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov Qərbi Azərbaycana qayıdışın, indiki Ermənistan ərazisindən deportasiya olunmuş həmvətənlilərimizin haqqı olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Mediasiya Şurasının İntizam Komissiyasının sədri, sabiq hakim Mayıl Bayramov öz növbəsində Qərbi Azərbaycan İcmasına uğurlar arzuladı.

Mediator Aygün Əliyeva Qərbi Azərbaycan həqiqətlərini dünya miqyasında yaymaq üçün layihələr hazırladığını və ən qısa zamanda bu layihələri İcma sədrinə təqdim edəcəyini qeyd etdi.

Mediasiya Şurasının İntizam Komissiyasının üzvü Venera Əsgərova, Bakı 12 saylı mediasiya təşkilatının rəhbəri Sevda Məhərrəmova və Sumqayıt 1 saylı mediasiya təşkilatının rəhbəri Etibar Həsənov da Qərbi Azərbaycan İcmasında olduqları üçün məmnuniyyətlərini ifadə ediblər.

Sonda hər iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim etdi, birgə şəkil çəkdirildi.