Təqdimatlar

Bakı Kitab Mərkəzində “Virtual Qərbi Azərbaycan” platformasının (www.qerbiazerbaycan.com) təqdimatı olub
08 may 2024, 15:15

Bakı Kitab Mərkəzində “Virtual Qərbi Azərbaycan” platformasının (www.qerbiazerbaycan.com) təqdimatı olub.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) tərəfindən ərsəyə gələn platforma Azərbaycan, ingilis, rus və ispan dillərindədir.

Burada yerləşdirilmiş materiallar Qərbi Azərbaycanın tarixi, elm və mədəniyyəti, erməni vandalizminin araşdırılması ilə məşğul olan alimlərin kitabları və dövri mətbuatda, elmi jurnallarda dərc olunmuş yazı və məqalələr əsasında hazırlanıb.

Platformanın ana səhifəsində bugünkü Ermənistan Respublikasının bütün ərazisini əhatə edən tarixi Qərbi Azərbaycan torpaqlarının interaktiv xəritəsi əksini tapıb.

Kontent “Tarix”, “Elm və mədəniyyət”, “Erməni vandalizmi”, “Resurslar”, “Şahid ifadələri” bölmələrində təqdim edilir. Eyni zamanda burada Qərbi Azərbaycan tarixi ilə bağlı foto və videolar, xəritələr yer alıb.

Platformada həmçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin nitqlərində Qərbi Azərbaycan məsələsi ilə bağlı fikirləri təqdim olunur.

Platformanın “Əlaqəli veb-resurslar” bölməsində keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektləri, Qarabağ münaqişəsi zamanı mədəni irs və təbii sərvətlərimizə qarşı törədilmiş erməni cinayətləri, Xocalı soyqırımı, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri və Azərbaycan tarixinin ən şanlı səhifəsi hesab edilən 44 günlük müharibə və müharibədən sonrakı dövrdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan geniş bərpa-quruculuq işləri ilə bağlı məlumatların yer aldığı resurs bazaları öz əksini tapıb.