15 mart 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası “İslamofobiya ilə mübarizə tədbirləri” adlı qətnamə qəbul edib.
İslamofobiyanın ilk qurbanlarından biri kimi Qərbi Azərbaycan İcması bu qətnaməni ürəkdən alqışlayır. Qərbi Azərbaycan İcması islamofobiyaya qarşı beynəlxalq səylərə həmişə fəal töhfə vermişdir. Ötən il İcmanın bu mövzuda müraciəti BMT Baş Assambleyasının rəsmi sənədi kimi yayılıb.
Dövlətlərin əksəriyyətinin lehinə səs verdiyi sözügedən qətnamə Ermənistan tərəfindən dəstəklənməyib. Ermənistanın sistematik islamofobiyanın beşiyi olduğunu nəzərə alsaq, bu ölkənin qətnamə üzrə mövqeyi təəccüb doğurmur. Xatırladaq ki, dövlət səviyyəsində İslamofobiya siyasəti aparan Ermənistan müsəlmanlara qarşı total etnik təmizləmə aparmış, müsəlmanların ibadət yerlərini və qəbiristanlıqlarını dağıtmışdır. Ermənistan müsəlmanlara qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş caniləri şöhrətləndirir. Bu ölkə hələ də qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmasına imkan vermir.
Biz islamofobiya və ksenofobiyaya qarşı mübarizədə birləşmiş bütün dövlətləri Ermənistanın İslamofob siyasətini pisləməyə və oradan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasını dəstəkləməyə çağırırıq.