Qərbi Azərbaycan İcmasında ötən gün İcma tərəfindən Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzulu beynəlxalq konfransın qonaqlarından olan İndoneziya Üləmalar Şurasının Xarici Əlaqələr Komissiyasının sədri Səfir Bunyan Saptomo ilə İcma sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli arasında görüş keçirilib. İcma sədri qonağa konfransda iştirakı üçün təşəkkür edib, bir daha tədbirin mövzusunu təşkil edən məsələlər barədə danışıb. Qeyd edib ki, ötən əsrdə dörd dəfə həyata keçirilən deportasiya Qərbi Azərbaycanlılar üçün ağır nəticələnib. Öz ata baba yurdlarından qoparılan insanların bu gün əsas istəkləri sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaqdır. Səfir Saptamo sədrin sözləri ilə razılaşaraq insanların öz vətənlərindən zorla çıxarılmasının insanlıq əleyhinə cinayət olduğunu vurğulayıb.