Təqdimatlar

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib
18 iyul 2025, 22:45

18 iyul 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasında (QAİ), Basarkeçər rayonu Sətənəxaç kənd icmasının sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Lütfiyar Nəsibovun müəllifi olduğu “Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

Kitabda Pəmbək mahalının 14 kəndindən İkinci Dünya müharibəsinə göndərilən və ya döyüşlərdə həlak olan 629 əsgər və zabitin adları, iştirak etdikləri döyüşlər, itki məlumatları ilə yanaşı, 1240 nəfər müharibə iştirakçısının siyahısı sistemli şəkildə təqdim olunur. Kitab, bölgənin müharibə dövründəki tarixini sənədləşdirən əhəmiyyətli tədqiqat işi kimi dəyərləndirilir.

Təqdimatda çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov kitabın Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, bu istiqamətdə aparılan tədqiqatların davamlı və daha geniş miqyasda aparılmasının vacibliyini vurğulayaraq, kitabın Qərbi Azərbaycan tarixinin öyrənilməsində əvəzsiz bir mənbə olduğunu qeyd edib.

Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov kitabı dəyərləndirərək bildirib ki, bu yalnız bir bölgənin və dövrün deyil, ümumən xalqımızın müharibə illərində keçdiyi çətin yolun və fədakarlıqların sənədli ifadəsidir. Onun sözlərinə görə, kitab həm tarixi, həm də milli yaddaş baxımından mühüm əhəmiyyətə malikdir.

Digər çıxış edənlər – Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, AMEA Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, İcmanın İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor İbrahim Bayramov, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı İsmayıl Umudlu, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov və Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği Mərkəzinin direktoru, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov çıxışlarında vurğulayıblar ki, “Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabı təkcə bölgənin müharibə ilə bağlı faktlarını deyil, həm də insan talelərini, ailə faciələrini və Pəmbək mahalının keçdiyi ağır yolu sənədləşdirən dəyərli bir tarixi yaddaşdır və bu baxımdan əsər Qərbi Azərbaycanın kollektiv xatirəsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Nəşrin müəllifi Lütfiyar Nəsibov təqdimatda çıxış edərək əsərin hazırlanma məqsədi və istifadə olunan mənbələr barədə ətraflı məlumat verib. O, əsas arxiv mənbələrinin Sovet ordusunun, SSRİ Müdafiə Nazirliyinin sənədləri, hərbi komissarlıqların siyahıları və döyüş bölgələrindən gələn rəsmi məruzələr olduğunu qeyd edib.

Kitab, həmçinin Pəmbək bölgəsindən İkinci Dünya müharibəsinə qatılan və həlak olan azərbaycanlıların xatirəsinin yaşadılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan bu nəşr, gələcək nəsillərə ötürüləcək dəyərli tarixi miras kimi qiymətləndirilib.