Bəyanatlar

Qərbi Azərbaycan İcması birmənalı dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edir
23 iyun 2025, 09:57

Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti böyük uğur əldə edilmişdir. 
21-22 iyun 2025-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun bəyannaməsinə Qərbi Azərbaycan məsələsi barədə barədə bənd daxil edilmiş və sessiyada bu məsələ ilə bağlı ayrıca qətnamə qəbul edilmişdir. 
Sözügedən sənədlərdə İƏT üzv dövlətləri Ermənistan tərəfindən Qərbi azərbaycanlılara qarşı törədilmiş deportasiya, onların mədəni irsinin dağıdılması və İcmanın qayıdış hüququnun inkar olunmasını qınayır. Üzv dövlətlər Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışına birmənalı dəstək ifadə edirlər. “Hazırkı Ermənistan ərazisindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamənin qəbulu ilə Qərbi Azərbaycan məsələsi İƏT-in gündəliyində əsas mövzulardan biri kimi təsbit olunmuş və İƏT icra strukturlarına bu mövzu ilə müntəzəm əsasda məşğul olmaq tapşırığı verilmişdir. 
Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ötən il İƏT Bancul Zirvə görüşündə Qərbi Azərbaycan mövzusunda qəbul edilmiş qərardan sonra, İƏT Nazirlər Şurasının sözügedən qərarları qəbul etməsi təşkilatın bu məsələdə ardıcıl və prinsipial yanaşma tutduğunu göstərir. 
Qərbi Azərbaycan İcması sözügedən qərarların beynəlxalq hüququn və insan hüquqlarının aliliyinin, bölgədə sülh, barışıq və ədalətin bərqərar olunmasına töhfə verəcəyinə inanır. İcma İƏT Nazirlər Şurasının bu qərarlarını ürəkdən alqışlayır və bu qərarların qəbul edilməsinə görə İƏT üzv dövlətlərinə təşəkkür edir.