Qərbi Azərbaycan İcmasında görkəmli İrəvanlı artist Muxtar Avşarın oğlu rəssam Rza Avşar ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Rza Avşar bildirib ki, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyətinin yenidən təşkili ilə Qərbi Azərbaycan İcmasının yaradılmasına dair məlumatdan sonra Rəvanqulu xanın portretini yaratmaq ideyası ağlına gəlir. Dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasının açılışında ifadə etdiyi tarixi fikirlər onu daha da ruhlandırır və rəssam 50 ilə yaxın təcrübəsi əsas götürərək Rəvanqulu xanın portretini yaradır. Rza Avşar deyib ki, portreti yaradarkən onu İcmaya hədiyyə etməyi qarşısına məqsəd qoyub.
Rəssam sözügedən əsərini təntənəli surətdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə təqdim edib.
Əziz Ələkbərli hədiyyəyə görə rəssama təşəkkür edərək bu hədiyyənin dəyərinin sonsuz olduğunu bildirib.
Qeyd edək ki, Rza Avşar Muxtar oğlu 1949-cu ildə Gəncə şəhərində dünyaya gəlib və 1914-cü ildə İrəvanda doğulmuş Muxtar Avşarovun oğludur. Rza Avşarın 1974-cü ildən etibarən gənc rəssam kimi SSR miqyasında sərgiləri keçirilməyə başlayıb, Əzim Əzimzadə adına məktəbin məzunudur. 1981-ci ildən etibarən Ümumittifaq SSR çərçivəsində rəssamlar ittifaqının üzvü olub. 1974-cü ildən bu günə qədər dünyanın müxtəlif ölkələrində əsərləri sərgilənməkdədir. Rza Avşar 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülüb, həmçinin çəkdiyi əsərlər bu gün də Azərbaycan Respublikasının Fransadakı səfirliyində və Azərbaycan Respublikasının Rusiyadakı səfirliyində sərgilənməkdədir.