Görüşlər

Qərbi Azərbaycan İcmasında Zəngibasar rayon icmasının üzvləri ilə görüş keçirilib
20 may 2023, 15:54

Qərbi Azərbaycan İcmasında Zəngibasar icmasının üzvləri ilə görüş keçirilmişdir.

Qərbi Azərbaycan İcmasın sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın məqsəd və hədəflərindən danışmış, Qayıdış Konsepsiyasının mahiyyəti barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, Qərbi Azərbaycana qayıdış məsələsi artıq strateji məsələ kimi ölkənin gündəmindədir və Qərbi Azərbaycanın başqa bölgələri kimi, Zəngibasar rayonundan olan şəxslərin koordinasiyası, onların təşkilatlanması işinin gücləndirilməsi vacib məsələlər sırasındadır.

Ə.Ələkbərli bildirdi ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında 2019-cu ildə yaradılmış, 3 avqust 2022-ci ildə təşkilati cəhətdən yenidən formalaşdırılaraq Ədliyyə Nazirliyindən rəsmi qeydiyyatdan keçmişdir və Qərbi Azərbaycana qayıdış uğrunda mübarizə bu gün daha mütəşəkkil şəkildə davam etdirilir.

Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad olunmasından sonra Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlərə toxunan Əziz Ələkbərli Zəngibasar rayonundan olan ziyalıların, ictimai fəalların bu məsələdə icma ilə birlikdə hərəkət etmələrinin vacibliyinə diqqət çəkdi. Qeyd etdi ki, ölkə rəhbərliyinin diqqəti və qayğısı sayəsində QAİ-yə yeni inzibati bina ayrılmışdır və beynəlxalq müstəvidə Qərbi Azərbaycan məsələsinin mümkün platformalarda qaldırılması istiqamətində ardıcıl iş gedir. BMT-nin aidiyyəti qurumları tərəfindən QAİ-nin artıq üç sənədinin BMT-nin rəsmi sənədi kimi yayılması təmin edilmişdir.

Tədbirdə QAİ Aparat rəhbəri Qalib Qasımov, QAİ İdarə heyətinin üzvü Mirfaiq Mirheydərli, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov, hüquqşünas, jurnalist Hüseyn Xəzər və b. çıxış etmişlər.

Bütün çıxışlarda Azərbaycan Respublikasının Prezidentinə, müzəffər Ali Baş Komandana Qərbi Azərbaycan İcmasına göstərdiyi yüksək səviyyəli dəstəyə görə təşəkkürlər bildirilmiş, ölkə başçısı İlham Əliyevin apardığı siyasətə tam dəstək ifadə olunmuşdur.