2020-ci ildə Azərbaycan Vətən müharibəsində Ermənistan və onun havadarları üzərində tarixi zəfər çalaraq ədaləti bərpa etdikdən sonra bir sıra Qərb ölkələrində azərbaycanofobların sayı sürətlə artmaqdadır.
Son vaxtlar Qərb mediasında muzdlu mirzələr, rasistlər, müsəlmanlara nifrət edənlər, dini təəssübkeşlik çəkənlər Azərbaycana qarşı əsl düşmənçilik kampaniyasına başlamışlar.
ABŞ mediasında gedən sifarişli yazılar, rasizmin və islamofobiyanın cəmiyyətin bütün sferalarına nüfuz etdiyi Fransa mediasının düşdüyü zavallı durum, BBC-nin “Xocalıya ədalət” kampaniyasına reaksiya olaraq 2017-ci ildə “İvanyan (Ermənistanın Xocalı şəhərinə verdiyi qondarma ad) onilliklər boyu davam etmiş Azərbaycan işğalından sonra “Artsax”ın inkişaf edən kəndidir” deməklə Azərbaycan xalqının hisslərini təhqir edən bir separatçıya və Serj Tankyan kimi faşist düşüncəli şəxslərə qucaq açması, 2023-cü il sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Laçın yolu ilə bağlı dinləmələrin təşkil olunması və azərbaycanofob Luis Okamponun ora dəvət edilməsi bunun bariz nümunəsidir.
Faktiki olaraq bu kampaniya səhər bir, axşam isə tamam fərqli fikir söyləyən, vaxt qazanmaqla sülh müqaviləsini imzalamaq istəməyən Nikol Paşinyan hakimiyyətini, Ermənistanda bütün revanşist qüvvələri ruhlandırır.
Yalandan “Bizdə media müstəqildir”, “Media hökumətdən ayrıdır” demələrinə baxmayaraq bir daha məlum olur ki, media məhz həmin dövlətlərin, dairələrin Azərbaycana qarşı mübarizəsində çirkin bir alətə çevrilmişdir. Bu mənada, hazırda Qərb mediası Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməyən, bölgəni yenidən qana çalxalamağa çalışan Ermənistanla müttəfiqdir.