Xəbərlər

XI Bakı Beynəlxalq Kitab Sərgisində “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı keçirilib
02 oktyabr 2025, 18:21

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının birinci cildi sərgi iştirakçılarının diqqətinə çatdırılıb.

İdeya müəllifi Ədalət Vəliyev, müəllifləri isə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və tədqiqatçı alim Səbuhi Hüseynov olan, Qərbi Azərbaycan həqiqətlərinin mühüm sübutu sayılan nəşrin növbəti təqdimatı İcmanın geniş nümayəndə heyəti və ziyalılarının iştirakı ilə keçirildi.

Təqdimatda çıxış edən kitabın müəllifi, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirdi ki, soydaşlarımızın zorla didərgin salındığı torpaqlara təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşü, onların fundamental hüquqlarının bərpası Azərbaycanın əsas prioritetlərindəndir.

Onun sözlərinə görə, müxtəlif dövrlərdə həyata keçirilmiş deportasiya siyasəti nəticəsində məscidlər, qəbiristanlıqlar dağıdılıb, yer adları dəyişdirilib. Bu isə xalqın izlərinin coğrafiyadan silinməsinə yönəlmiş addım və beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır.

Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, İdarə Heyətinin üzvü professor İbrahim Bayramov və Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov da çıxış edərək nəşrin mövzusunun aktuallığını və əhəmiyyətini xüsusi vurğuladılar. Çıxışlarda qeyd olundu ki, kitab sıradan bir elmi araşdırma deyil, həm də Qərbi Azərbaycanın yaddaş salnaməsidir. Hər səhifəsində Qərbi Azərbaycanın tarixi, deportasiya olunmuş soydaşlarımızın izləri, onların inancı, ənənələri və yaşadıqları mənəvi mübarizə əksini tapır. Alimlərin sözlərinə görə, bu nəşr həm gələcək nəsillərə həqiqətləri çatdırmaq, həm də beynəlxalq aləmdə Ermənistanın törətdiyi mədəni irs cinayətlərini sənədləşdirmək baxımından mühüm vəsaitdir.

Kitabın müəlliflərindən olan tədqiqatçı Səbuhi Hüseynov vurğuladı ki, nəşrdə tətbiq olunan metodika Qərb tədqiqatlarında, xüsusilə də xarici universitetlərdə tədris olunan yanaşmadır və Azərbaycanda hələ ki, analoqu yoxdur. Müəllifin sözlərinə görə, tədqiqatın əsas məqsədi oxucunun təqdim olunan faktları asanlıqla yoxlamaq və şəxsən təcrübə etmək imkanına malik olmasına şərait yaratmaqdır.

Digər iştirakçılar kitabın həm elmi, həm də ictimai baxımdan böyük əhəmiyyət daşıdığını, tarixi həqiqətlərin dünyaya çatdırılması üçün mühüm bir mənbə olduğunu qeyd etdilər.

Qeyd edək ki, “Qərbi Azərbaycan İrsi” adlı seriyanın ümumilikdə 5 hesabatdan ibarət olması nəzərdə tutulub. I, II və III hesabatlarda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılmış qəbiristanlıqlar, IV hesabatda məscidlər, V hesabatda isə pirlər və türbələr əksini tapacaq. İki hissədən ibarət olan kitabın birinci hissəsində hesabatın məqsədi, tədqiqatın predmeti və metodologiyası açıqlanır. İkinci hissədə isə Qərbi Azərbaycanın hər bir rayonu üzrə qruplaşdırılmış qəbiristanlıqların yerləşdiyi kəndlərin tarixi inkişafı, demoqrafik göstəriciləri, toponimik və inzibati dəyişiklikləri, əhalinin köç və deportasiya prosesi, habelə qəbiristanlıqların və digər mədəni irs abidələrinin hazırkı vəziyyəti sistemli şəkildə təqdim olunub.