Təqdimatlar

“Zəngəzur. Uzaq keçmişdən günümüzədək” monoqrafiyasının təqdimatı olub
30 mart 2024, 16:14

Martın 30-da Qərbi Azərbaycan İcmasında İcmanın Nəzarət-Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Musa Urudun “Qərbi Azərbaycan İcmasının kitabxanası” silsiləsindən “Zəngəzur. Uzaq keçmişdən günümüzədək” monoqrafiyasının təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu günün önəmli olduğunu vurğulayaraq qeyd edib ki, bu bölgə Türk dünyasını birləşdirən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən ərazidir. Millətin tarixi yaddaşına çevrilən kitabların ömrü millətin tarixi qədərdir. Sədr bildirib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasında olarkən İcmanın qarşısına mühüm vəzifələr qoyub. Qərbi Zəngəzurla bağlı faktların ortaya çıxarılması, kitabların yenilənməsi və onların dünya ictimaiyyətinin diqqətinə çatdırılması İcmanın qarşısında tapşırıq kimi qoyulub. Bu kitabın rus dili versiyasının təqdimatı da dövlətimizin başçısının tapşırığının davamı kimi qiymətləndirilməlidir. Bu kitabda Zəngəzurun tarixi coğrafiyası, mədəniyyəti, bu ərazidə yaşayan insanların mənəvi dəyərləri barədə geniş məlumat verilib. Həmçinin kitabda Zəngəzur barədə nadir arxiv materialları da yer alıb.

Akademik Arif Həşimov kitabı ensiklopedik nəşr adlandıraraq monoqrafiyada qədim dövrlərdən tutmuş bu günədək olan dövrün əhatə edildiyini bildirib. Həmçinin nəşrdə işğaldan azad edilən ərazilərdə görülən bərpa işlərinin də öz əksini tapdığını bildirib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev çıxışında müəllifin ürək yanğısı ilə yaşadığı ərazinin tarixini qələmə aldığını diqqətə çatdırıb.

"Bu kitabda idrakla emosiyanın vəhdəti var. Kitabda hadisələr tarixi xronologiya əsasında elmi və arxiv materialları əsasında ardıcıllıqla təsvir edilib. Kitabda bir daha sübuta yetirilir ki, bu yurdun qədim sakinləri türklərdir. Burada arxiv materialları əsasında saxta tarix kitablarının da qiyməti verilib. Erməni tədqiqatçıların özləri də bildirir ki, bu torpaqların tarixi sakinləri məhz türklərdir”, - deyə deputat vurğulayıb.

Milli Məclisin Ailə, qadın və uşaq problemləri üzrə komitəsinin sədri Hicran Hüseynova isə çıxışında kitabın bir çox dillərə tərcümə olunması, eyni zamanda, elektron formatda təqdim edilməsi təklifini irəli sürüb.

Deputat, akademik Nizami Cəfərov çıxışında kitabda emosiyalar və təəssübkeşliyin kifayət qədər yüksək səviyyədə olduğunu, Zəngəzur sözünün etimologiyasının araşdırıldığını diqqətə çatdırıb.

Parlamentin Mədəniyyət komitəsinin sədri deputat Fazil Mustafa kitabın rusdilli auditoriya üçün hazırlanmasının xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb.

Kitabın müəllifi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Urud çıxışında Zəngəzur bölgəsinin Azərbaycanın qədim tarixi mədəniyyət və dövlətçilik məskənlərindən biri olduğunu qeyd edib. Zəngəzurun sovet hökumətinin qərarı ilə Ermənistana verildikdən sonra qəribçiliyə düşdüyünü bildirən müəllif vurğulayıb ki, Qərbi Azərbaycanda olan tarixi torpaqlarımızla bağlı ölkəmizdə çoxlu elmi-tədqiqat əsərləri yazılıb. Müəllif monoqrafiyada tarixi xəritələrdən, xarici mənbələrdən götürülmüş faktların da yer aldığını diqqətə çatdırıb.

Qeyd edək ki, kitab müəllifin Zəngəzurun tarixinin öyrənilməsinə həsr olunmuş tədqiqatları əsasında qədim və orta əsr mənbələri, eləcə də arxiv materialları əsasında yazılıb. Monoqrafiyada Zəngəzurun qədim və zəngin tarixi, coğrafiyası, ictimai-siyasi, sosial-iqtisadi həyatı ətraflı təhlil olunur.

Nəşrin məqsədi XIX əsrin əvvəllərindən başlayaraq Zəngəzurda Azərbaycan xalqına qarşı həyata keçirilən deportasiya, soyqırımı və etnik təmizləmə siyasətini öyrənmək və qiymətləndirməkdir.

Müəllifin Zəngəzur bölgəsi haqqında sayca altıncı tədqiqat əsəri olan bu kitab dərin elmi axtarışların, tədqiqatların bəhrəsidir. Kitab Zəngəzurun tarixi, coğrafiyası, iqtisadi həyatı, tarixi-etnik xüsusiyyətləri ilə maraqlanan alimlər, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın layihə və ideya rəhbəri sənətşünaslıq elmlər doktoru, professor Ədalət Vəliyev, elmi redaktoru tarix elmləri doktoru, professor Fəzail Ağamalıdır.