Hüseynqulu xan Məhəmməd xan oğlu Qacar – (Təxminən 1742, Cənubi Azərbaycan – 1831, İran) - Qacarların Qoyunlu/Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Lakin çox güman ki, bu ləqəbin işlədilməsi onun Qəzvin yaxınlığında Sadiq xan Şaqaqi üzərində qələbəsi və bundan sonra orada hökmdarlığı ilə əlaqədardır.
Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur. Doğulduğu yer məlum deyil.
Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır. O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Fətəli şah taxta çıxandan sonra, ona olan sədaqətinə görə, Hüseynqulunu bir neçə üsulla mükafatlandırmışdı: Xorasanın idarəçiliyi də daxil olmaqla, ona bir neçə vəzifə vermiş, Hüseynqulunun bacısı ilə evlənmiş, Hüseynqulunun qızlarının birinə vəliəhd Abbas Mirzə ilə evlənməyi təklif etmiş və 29 yaşlı qızının Hüseynqulunun oğlu Məhəmməd ilə evlənməsinə razılıq vermişdir. Birinci Rusiya-İran müharibəsi (1804-1813) zamanı İrəvan qalasının rus qoşunlarından qorunması üçün şahın güclü və sədaqətli sərkərdəyə ehtiyacı var idi. Fətəli şah 1807-ci ildə Hüseynqulunu İrəvan xanı və şah qüvvələrinin baş komandanı (sərdarı) təyin edir. Bir il ondan sonra Hüseynqulunun qardaşı – hansı ki, igidliyinə görə “Sər Aslan” (yəni aslanlar başı) adını qazanan Həsən xan da İrəvana gəlir.
20 illik hökmranlığı zamanı Hüseynqulu xan ədalətli üsul-idarəçiliyə görə əhalinin rəğbətini qazanmışdır. Xarici səyahətçilər onu vəliəhd Abbas Mirzə qədər ixtiyar sahibi, ən güclü və var-dövlətli hökmdarlardan biri adlandırırdılar.
Hüseynqulu xan pul kəsmək ixtiyarına malik idi. O, gəlirin böyük hissəsini müdafiə məqsədlərinə istifadə etməyə imkan əldə edirdi. Hüseynqulu xan ticarəti həvəsləndirmiş və sabit idarəçilik qurmuşdu. Erməni və rus mənbələri də Hüseynqulu xanın mərhəmətli, səmimi, alicənab, vicdanlı və ədalətli xan olduğunu təsdiqləyirlər.
1827-ci ilin sentyabrın 1-də rus qoşunları Sərdarabad qalasını mühasirəyə alırlar. Hüseynqulu xan İrəvan qalasından çıxıb Sərdarabad qalasını mühafizə edən nəvəsinin köməyinə yetişmək istəyir, lakin rus qoşunları buna imkan vermirlər. O, İran-Türkiyə sərhədinə çəkilmək məcburiyyətində qalır. İrəvan qalasının müdafiəsi Həsən xanın üzərinə düşür. Oktyabrın 1-də rus qoşunları İrəvan qalasını ələ keçirirlər. Həsən xanı isə ruslar əsir alır və onu Peterburqa imperator I Nikolayın hüzuruna göndərmək qərara alınır. Müəyyən səbəblərdən Həsən xanı aparan kareta yolda Terek çayı üzərindəki Yekaterinoqrad şəhərində ləngiyir. Lakin onun sonrakı taleyi haqda məlumat verilmir. Fətəli şah Səfəvilərdən ona miras qalan Teymurləngin qılıncını müharibələr zamanı göstərdiyi igidliyə görə Həsən xana hədiyyə etmişdi. Həsən xanın həmin qılıncını general-leytenant Krasovski İmperatora hədiyyə olaraq göndərir.
Hüseynqulu xanın ölüm tarixi faktı fars mənbələrinə istinad edilir.