Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti insan hüquqlarına dair növbəti ölkə hesabatlarını dərc etmişdir.
Əvvəla qeyd edək ki, ABŞ konqresinin tapşırığı ilə hazırlanan illik hesabatlar insan hüquqlarının təşviq olunması ilə heç bir əlaqəsi olmayan siyasi təzyiq vasitəsidir. Dünyada baş vermiş insan hüquqları pozuntularına görə böyük məsuliyyət daşıyan və öz daxilində insan haqları sahəsində vəziyyəti heç də ürəkaçan olmayan ABŞ-nin bu hesabatı hansı mənəvi əsasla hazırlaması sual doğurur.
ABŞ bu il də həmin hesabatlar vasitəsilə Azərbaycana təzyiq etməyə çalışıb, qərəz və ayrı-seçkiliyə yol verib. Azərbaycana aid hesabatda digər əsassız iddialar ilə yanaşı ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer verilib. Lakin, Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdışına imkan verilməməsi kimi kütləvi insan haqları pozuntuları faktlarına toxunulmur.
Qərbi Azərbaycan İcması ABŞ-nin Dövlət Departamentinin insan hüquqları kimi ali dəyərdən öz siyasi məqsədləri üçün sui-isifadə etməsini və Azərbaycana və azərbaycanlılara qarşı yol verdiyi ayrı-seçkliyi və qərəzi qınayır. İcma ABŞ-ni bir daha Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırır.